"Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sırasında ilk olaraq, fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini göstərmək istərdim. Bilirsiniz ki, dövlət başçısının apardığı sosial-iqtisadi siyasətə uyğun olaraq hər il ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır".
 
BAKU.WS-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Azərtac-a açıqlamasında söyləyib. Onun sözlərinə görə, vergi qanunvericiliyində buna qədər qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu:
 
"Nəticə etibarilə muzdlu işçi həmin artımdan bəhrələnmirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımından tam bəhrələnəcək".

Nazir bildirib ki, sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Fazil Məmmədov vurğulayıb ki, bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.
 
BAKU.WS