SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatı keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxt birinciliyində 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparıb.


Yarışın ilk günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb.


Təmsilçimiz çəkisi 63 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb və daha böyük qələbələr qazanmaq iddiasında olduğunu bir daha təsdiq edib.


Qeyd edək ki, N.Axundova dəfələrlə ölkə birinciliyinin qalibi olub, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib.


Nuriyyə Axundovanın məşqçisi, DİN İdman Cəmiyyətinin cüdo bölməsinin rəhbəri Zakir Kərimov bu qələbənin yetirməsi üçün çox önəmli olduğunu, onu gələcək yarışlara həvəsləndirdiyini dedi.


Ziya SƏCCAD
BAKU.WS