SİZİN REKLAM BURADA!
055 213 76 73



Avtomobildə diqqəti yayındıracaq söhbətə görə sürücünün 40 AZN cərimələnməsini nəzərdə tutan maddə ləğv olunmalıdır.

Bunu BAKU.WS-ə avtomobil eksperti, "Avtostop" layihəsinin rəhbəri Tural Yusifli deyib.

O bildirib ki, birmənalı şəkildə sürücünün diqqəti yayınmamalıdır və bu yalnız tövsiyyə xarakteri daşıya bilər.

Tural Yusiflinin sözlərinə görə, maddə icra olunmursa ləğv edilməlidir.

“Bu maddə 90-cı illərdə Yol Hərəkəti haqqında qanunun İnzibati Xətalar Məcəlləsi yazılanda salınıb. Burada məqsəd yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. Sürücünün başını qatırsansa, hansısa hadisə baş verirsə, cəzalanmalıdır. Amma hadisənin özünün cəzası olduğuna görə, o ölü maddədir. Qəzanın baş verməsi və buna görə yazılacaq cərimə onsuz da 40 manatdan qat-qat çoxdur. Qəzadan sonra 100 məqamı müəyyənləşdirmək olar. Məsələn, baş qaşımaqdan, ayağının altının qaşınmasından qəza törədilə bilər. Amma baş qaşımağa görə cərimə tələb olunmur. İcrası mümkün olmadığına görə, yəqin ki, millət vəkilləri təklif verərlər və həmin maddə yığışdırılar”, - deyə Tural Yusifli qeyd edib.

Millət vəkili Fazil Mustafa isə BAKU.WS-ə bildirdi ki, müəyyən vasitələrlə, məsələn videogörüntülərlə sürücü və sərnişinin diqqəti yayındıran söhbət etdiyini təsdiq etmək olar.

“Lakin bunu yalnız qəza epizodlarında təyin etmək mümkündür. Bu maddəni bütün hallarda tətbiq etmək çox çətindir. Qəza hallarında sürücünün diqqətini yayındıran söhbət edib-etmədiyini kamera görüntüləri ilə aşkar etmək olar. Bunun mexanizmi müəyyən olunandan sonra buna münasibət bildirmək daha doğru olar. Görünür, sürücünün diqqətinin yayınması halında qəza halları artıb. Bir daha qeyd edirəm ki, bu maddənin tətbiqi yalnız qəza hallarında mümkündür”, - deyə millət vəkili bildirib.

Fazil Mustafa qeyd etdi ki, avtomobildə diqqəti yayındıracaq söhbətə görə sürücünün 40 AZN cərimələnməsini nəzərdə tutan maddə parlamentdə müzakirə olunanda fikir bildiriləcək.

BAKU.WS