VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

BAKU.WS-in qaldırdığı məktəb bufetində satılan yararsız məhsullarla bağlı məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılmağa başlanılıb.
 
BAKU.WS-in məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov söyləyib. O bildirib ki, nazirlik tərəfindən Bakı məktəblərində fəaliyyət göstərən bufetlərdə monitorinqlər aparılır: "Xidmət göstərən şirkətlərlə öhdəliklərin müəyyən edilməsi ilə bağlı müqavilələr imzalanır. Nəzarat olunur ki, məktəb bufetlərində nələr satıla bilər, nələr satıla bilməz. Məktəb bufetində satılan buterbrodun kiflənmiş olması faktı ilə bağlı da araşdırmalar aparılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək".  
 
Qeyd edək ki, Bakının Nərimanov rayonunda 291 saylı "Araz" Ekologiya Liseyinin bufetində uşaqların sağlamlığı üçün təhlükə yarada bilən qida satılması barədə şikayət edilmişdi.

BAKU.WS-in redaksiyasına daxil olan şikayətə əsasən məktəbin bufetində satılan buterbrodun çörəyinin kifləndiyi deyilir. 

"Bufetdə 50 qəpiyə buterbrod satırlar. Oğlum almışdı, evdə açıb baxdıq, çörəyinin içi kif atmışdı. Şəklini sizə göndəririk və xahiş edirik araşdırasınız”, - deyə valideyn şikayətində bildirib.

Məsələ ilə əlaqədar təhsil müəssisənin direktoru Sevinc Mustafayeva ilə əlaqə saxladıq. Direktor BAKU.WS-ə açıqlamasında ilk öncə faktı inkar etdi. Sonra isə bildirdi ki, jurnalistə xəbər verməyə borclu deyil. Xanım direktora biz xəbər öyrənmək üçün deyil, fakt barədə məlumat vermək üçün əlaqə saxladığımızı dedik.

"Sevinc xanım, biz Sizə xəbər vermək istədik ki, bufetdə satılan qidalar yoxlanılsın. Allah eləməmiş uşaqlardan kimsə zəhərlənməsin”, - deyə direktora bildridik. Sevinc xanım isə deyilənlərin yalan olduğunu dedi. 

"Bizdə umumiyyətlə buterbrod satılmır. Heç kim də zəhərlənməyib. Zəhərlənən olsa, zəhmət olmasa poliklinikadan kağız gətirin. Ondan sonra danışarıq”, - deyə Sevinc Mustafayeva telefon danışığını yarımçıq qoyaraq dəstəyi asdı.

Məsələ ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, bu məsələ araşdırılacaq və lazımı tədbir görüləcək.
Məktəbin bufetində keyfiyyətsiz buterbrod satılması ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirdi ki, qısa zaman ərzində məsələ araşdırılacaq və lazımı ölçü götürüləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən də bildirdilər ki, şikayət qeydə alınıb və mütləq lazımı ölçü götürüləcək. Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin BAKU.WS-ə verdiyi məlumata görə, hadisə barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yoxlamalar aparılacaq.

"Məsələ ciddi araşdırılacaq və nəticələr barədə qısa zamanda məlumat veriləcək”, - deyə Abbas Əliyev bildirdi.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat verdik. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı BAKU.WS-ə bildridi ki, bu məsələ barədə şikayəti qeydə alıblar. Bu gün məsələ ciddi araşdırılacaq və məlumat veriləcək.

"Təbii ki, bu ciddi siqnaldır. Bu məsələ əməkdaşlarımız tərəfindən araşdırılacaq. Əgər şikayət təsdiqini taparsa, mütləq məktəb rəhbərliyi cəzalandırılacaq”, - deyə Fazil Talıblı bildirdi.
 
ŞAHİN Həbibov
Ayşən Ayxan