21 ixtisas/vəzifə üzrə həkimlərə aylıq əlavə pul ödənişi veriləcək - RƏSMİ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.
BAKU.WS xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Yeni dəyişikliyə əsasən, tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 16 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 21-ə yüksəlib. Qaydaya edilən bu dəyişiklik 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir (Cədvəl 1. Həkimlərin vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələr).
Qaydaya edilən yeni əlavəyə əsasən, tibb müəsissələrində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvlərinə aylıq sabit 200 manat həvəsləndirici əlavənin ödənilməsi müəyyən edilib.
İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Yeni dəyişikliyə əsasən, həkimlərə verilən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun əmsallar tətbiq edilib. Belə ki, 3-cü qrup A kateqoriyalı tibb müəssisələri üzrə 1.5, 3-cü qrup B kateqoriyalı tibb müəssisələri üzrə 1.4, 3-cü qrup C kateqoriyalı və 2-ci qrup A kateqoriyalı tibb müəssisələri üzrə 1.3, 3-cü qrup D kateqoriyalı və 2-ci qrup B kateqoriyalı tibb müəssisələri üzrə 1.2 əmsal tətbiq edilməklə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr hesablanacaqdır. Məsələn, Xidmətlər Zərfində dəyəri 1000 manat olan cərrahi əməliyyata görə hesablanan bonus məbləği 2-ci qrup B kateqoriyalı tibb müəssisəsində 150 manat, 3-cü qrup B kateqoriyalı tibb müəssisəsində 210 manat təşkil edəcək. Qaydaya edilən bu dəyişiklik 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir (Cədvəl 2. İşin nəticələrinə görə həkimlərə ödənilən aylıq həvəsləndirici əlavələr).
Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.
Qaydaya edilən yeni əlavəyə əsasən, peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyәtlәrindәn asılı olaraq 1-ci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, 2-ci sinfə isə tarif (vəzifə) maaşının 10 faizi miqdarında əlavənin ödənilməsi müəyyən edilib. Qaydaya edilən bu dəyişiklik 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən, struktur vahidləri/vəzifələr, müəyyən vəzifələr üzrə əlavələrin məbləği artırılıb. Yerləşmə ərazisinə görə tibb müəssisələrinin bəzi struktur vahidlərinin əməkdaşları üzrə aylıq sabit həvəsləndirici əlavələrin məbləğində optimallaşma aparılmışdır (Cədvəl 3. Orta və kiçik tibb işçilərinin vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələr).
Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Yeni Qaydaya görə bir sıra ixtisaslar/vəzifələr üzrə aylıq həvəsləndirici əlavələrin məbləği tibb müəssisəsinin qrup və kateqoriyasından asılı olaraq dəyişdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünür, öz növbəsində 1-ci qrup A, B, C, 2-ci və 3-cü qruplar isə A, B, C və D kateqoriyalarına ayrılır.
Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib. Əvvəlki Qaydaya görə 12 vəzifə üzrə tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə aylıq həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib (Qaydanın 16-4-cü bəndi).
Bununla yanaşı, Qaydaya “Elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğləri” adlı yeni bənd daxil edilib. Belə ki, səhiyyə işçiləri bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 40 manat məbləğində əlavələr hesablanacaq. Qaydaya edilən bu dəyişiklik 01 iyul 2021-ci il tarixindən qüvvəyə minir.
Qaydada edilən digər dəyişikliklər 01 aprel 2021-ci ildən qüvvəyə minir.
Qayda ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...