SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq bir həftədən çoxdur ki, metropolitenin sayca 27-ci stansiyası, Xocəsən metrostansiyası ərazisində marşrutlar müxtəlif istiqamətlərdə sərnişindaşıma həyata keçirirlər.

BAKU.WS xəbər verir ki, sözügedən avtobus xətləri arasında "155", "102", "130", "596", "539" və "506" nömrəli avtobuslar var. Onlar Xırdalan, “Şamaxinka” adlanan ərazi, 20 Yanvar və digər fərqli istiqamətlərə sərnişin daşıyırlar. Bütün avtobuslara normal vaxt intervalı təyin edilsə də, Masazır, Yeni Bakı, Qurtuluş 93 istiqamətində hərəkət edən 506 nömrəli avtobus xətti bu qaydadan kənar qalıb. Belə ki, sözügedən ərazidə yeganə "506" nömrəli marşrut xəttidir ki, sərnişinlərin gözlərini uzun müddət yolda qoyur.

Bu barədə BAKU.WS-in “Qaynar xətti”nə daxil olan çoxsaylı şikayətlərdə qeyd edilib.

Sərnişinlər sözügedən marşrut xəttinin intervalının 35-40 dəqiqə olduğunu qeyd edərək, yeni avtobus xəttindən narazılıq ediblər.

Axı həmin metrostansiya ərazisindəki avtobuslar sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində istifadəyə verilib.

Belə olan halda "506" nömrəli avtobus xətti niyə vaxtlı-vaxtında sərnişinlərə xidmət edə bilmir?

Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxladıq. Aidiyyatı qurumun məsələdən xəbərdar olub problemin həlli istiqamətində hansı işlər gördüyünü öyrənmək istədik.

Qurumdan BAKU.WS-ə bildirildi ki, edilən şikayətlər əsassızdır. Avtobusların intervalı 15-20 dəqiqədir və vaxtlı-vaxtında sərnişindaşımanı həyata keçirir:

“Bu avtobuslar xəttə yeni buraxılıb. Onlar 15-20 dəqiqə intervalla hərəkət edirlər. Şikayətlərdə 35-40 dəqiqə intervalın bildirilməsi səhv məlumatdır. Mən özüm bir həftə ərzində orada olmuşam və o marşrut xətlərinin intervalı normal işləyib. Avtobuslar boş gəlib, boş da gedir.

Hələ insanlarımız ora meyil göstərmir. "505" və "506" nömrəli avtobusların 4 dayanacağı üst-üstə düşür. Bu iki avtobus arasında isə interval 15-20 dəqiqə yox, 8 dəqiqə təşkil edir”.

Zöhrə Pənah
BAKU.WS