12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Zahir Əsgərov ötən ilin noyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyat zamanı həbs olunub.

İttihama görə, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.

Zahir Əsgərov ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb.

Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Gəmi kapitanı barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

BAKU.WS