SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar azyaşlılar arasında titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə və ümumi zəifliklə müşahidə edilən ağır xəstəlik yayılıb. 

BAKU.WS-in məlumatına görə, bu, "İnfluenza" xəstəliyidir. Bu, bir zamanlar dünyada geniş yayılan "Quş qripi" bəlasının növüdür. "İnfluenza" qrip virusunun səbəb olduğu nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Buna insanlarla yanaşı, heyvanlar və quşlar da yoluxurlar. Qrip kəskinləşdikdə sətəlcəm ilə nəticələnə, bu isə ölümə səbəb ola bilər. Xüsusilə, sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir.

"İnfluenza" hava-damcı yolu ilə ötürülür. İnfeksionistlərin sözlərinə görə, xəstəliklə bağlı klinikalara ən çox müraciət edənlər azyaşlılardır. Artıq hər evdə bu xəstəliyə yoluxan uşaq var. Onlarda bronx şaxələri daha qısa olduğundan bu xəstəliyə tez tutulurlar. 

Sözügedən xəstəliklə bağlı BAKU.WS-ə danışan pediatr Gülnar İslamzadə xəstəliyinin 3 forması olduğunu və bunun testlərlə müəyyən edilərək  müalicə edildiyini bildirib:

"Son zamanlar uşaqlar arasında yayılan "İnfluenza" xəstəliyin 3 forması var: A B və C. Bizim üçün daha çox əhəmiyyət kəsb edən A və B formalarıdır. Azərbaycanda bu xəstəliyin hazırda ən çox A forması yayılıb. B forması A ilə müqayisədə daha yüngül keçir. Əsas əlamətləri qızdırma, boğaz ağrısı, öskürək, burun axıntısı və kəskin halsızlıq olur. Hazırda xəstəliyi müəyyən etmək üçün "İnfluenza kant" testləri mövcuddur. Müalicəsi kapsula dərmanlarla aparılır. Uşaqlarda ilk klinik əlamətlər 48 saat ərzində özünü göstərir. Halsızlıq isə 3 həftəyə qədər davam edir".

Pediatr azyaşlıları bu xəstəlikdən qorumaq üçün qrip vaksini etdirməyin vacibliyini vurğulayıb:

"Xəstəlikdən qorunmaq üçün uşaqlar əsasən sentyabr-oktyabr aylarında qrip vaksini olunmalıdırlar. Bu edilərsə, "İnfluenza" xəstəliyindən 80 faiz qorunmuş olarlar. Bu xəstəliyi keçirsələr belə, çox yüngül klinik əlamətlər müşahidə edilər. Bu xəstəlik 5 gün davam edir. 2 gündən sonra xəstəlik əlamətləri azalır. Müalicəsiz isə 7 gün və daha çox davam edə bilər.

Gülnar İslamzadə xəstəliyin fəsadının pnevmaniya olduğunu qeyd edib. Buna səbəb isə "İnfluenza"nın yaratdığı pnevmaniyaların daha ağır keçməsidir.

Yayılan xəstəliklə bağlı BAKU.WS-ə danışan həkim-infeksionist Natiqə Qocayeva "İnfluenza"nın böyüklərdə də ağır fəsadlara səbəb olduğunu bildirib. Onun sözlərinə görə, bu xəstəlik qulağın təbil pərdəsinin deşilməsinə qədər gətirib çıxarır:

"Bu xəstəlik burunun əlavə ciblərinə mənfi təsir edir. Orta qulağa otit, faringit kimi ağırlaşmalar verir. "İnfluenza" xəstəliyində koronavirusdan fərqli olaraq qanda oksigen səviyyəsi aşağı düşmür. Ən çox burunun əlavə ciblərinə ağırlaşma verir. Bütün xəstələrdə burun tutulmaları, güclü baş ağrıları ilə müşahidə edilir. Temperaturun düşməməsinə əsas səbəb isə burunun əlavə ciblərində olan ağırlaşmalardır. Bu, qulaq pərdəsinin deşilməsinə də səbəb ola bilər. "İnfluenza" koronavirusdan fərqli olaraq güclü ürək bulantısı ilə müşayiət olunur".

Həkim-infeksionist bu xəstəliyin ötən ilin dekabrın ortalarından sonra Azərbaycanda sürətlə yayıldığını bildirib:

"Böyüklər arasında "İnfluenza" xəstəliyinə daha çox 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslər tutulur. Şəkəri olanlarda daha çox ağırlaşma müşahidə edilir. Xəstəlik müddəti normalda 5-7 gündür. Bu müddətdən sonra qızdırma düşmürsə, mütləq həkimə müraciət edilməlidir. Lakin əlavə xroniki xəstəliyi olmayanlarda bu xəstəlik 2-3 günə də aradan qalxa bilər".

Zöhrə Pənahi
BAKU.WS