SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni il üçün görülən əsas hazırlıqlardan biri evlərin Şaxta baba, “Yolka”, suvenirlər, müxtəlif işıqlar və digər yeni il bəzəkləri ilə dekorasiya edilməsidir. Artıq bir neçə ildir ki, paytaxt ərazilərində Yeni il yarmarkaları təşkil edilir. Bu yarmarkalarda istənilən növ yeni il bəzəklərinə rast gəlmək mümkündür. Bəs satışı həyata keçirilən yeni il bəzəklərinin qiyməti necə, hər büdcəyə uyğundurmu?

BAKU.WS saytı olaraq bu dəfə yarmarkalardakı qiymətləri araşdırdıq.

Əvvəl çəkiliş qrupumuzla paytaxtın "Nizami" metrosu yaxınlığındakı Yeni il yarmarkasına yollandıq. Bu yarmarka artıq 10 gündür ki, səhər saaat 08:00-dan axşam 20:00-a kimi fəaliyyət göstərir. Satıcıların sözlərinə görə, “Yolka”lar 3-4 ildən bir alındığı üçün alıcılar, daha çox “Yolka” oyuncaqları, işıqlar, papaqlar, yeni il saç aksessuarları və şarlara üstünlük verirlər. Yarmarkada 1 AZN-dən başlayaraq 35 AZN-ə qədər Yeni il bəzəkləri əldə etmək mümkündür:

“Yeni il bəzəkləri qiymət baxımından ölçülərinə və müəyyən özəlliklərinə görə bir-birindən fərqlənir. Hər kəsin cibinə uyğun hər qiymətə məhsullar var. Məsələn: kiçik, stolüstü “Yolka”ların qiyməti 1-2-5 AZN aralığındadır. Normal hündürlüyü olan “Yolka”lar isə 20-25 AZN-dən başlayır. Hündürlüyü 1.50 sm olan “Yolka”nın qiyməti 35 AZN-dir. Bunların kiçiklərini də tapmaq mümkündür ki, bu da 6-7 AZN-dir”.

“Yolka” ağaclarını bəzəmək üçün oyuncaqların paketləri 1-10 AZN aralığında dəyişir. Əhali daha çox 4-5 AZN-lik oyuncaq paketlərinə üstünlük verir. Bu yarmarkada Şaxta babaların qiyməti isə 2-50 AZN aralığındadır. Balaca qarlı şaxta baba suvenirlərinin qiyməti 5-6 AZN arasında dəyişir.

Bundan başqa Şaxta baba papaqları 1.50-2 AZN, rəngarəng “Yolka” zərləri 1-1.50 AZN, işıqlar 5-6 AZN, qapıdan asılan “Yolka” budaqları isə 8-10 AZN-dir. 2023-cü il “Dovşan ili” olduğu üçün yarmarkada xeyli sayda müxtəlif cür oyuncaq dovşanlara da rast gəlmək mümkündür. Onların qiyməti 3-4 AZN təşkil edir.

Burada çəkilişimizi yekunlaşdırıb üz tutduq paytaxtın "28 May" metrosu yaxınlığında təşkil edilən yarmarkalara... Satışda olan böyük, üzəri qırmızı qönçə və qar örtülü “Yolka” ağacları və müxtəlif ölçülərdə olan ağ, boz dovşanlar bizi nağıllar aləminə apardı.

Burada ilk çəkiliş etdiyimiz yarmarka dekabrın 3-də start götürüb. Səhər saat 08-00-dan axşam 23-00-a kimi fəaliyyət göstərən yarmarkada alıcılıq qabiliyyəti də satıcıların ürəyincədir. Bu minvalla tez yaxınlaşıb Yeni il bəzəklərinin qiymətləri ilə maraqlandıq.

Satıcı Məhəmməd Əzimov buradakı ən bahalı “Yolka”nın 90 AZN, ən bahalı Şaxta babanın qiymətinin isə 50 AZN olduğunu vurğuladı:

“Yolka”ların ən kiçiyi 5 AZN-dən başlayır. Onlardan bir az böyüyü 10-15-20 AZN aralığındadır. Məsələn: 1.80 hündürlüyündə “Yolka” 90 AZN-dir. “Yolka” oyuncaqlarının paket qiyməti 2-15 AZN aralığındadır. 15 AZN-lik paketə 20 oyuncaq daxildir. 

Şaxta babaların ən böyükləri 50 AZN, orta ölçülüləri isə 15-20 AZN-dir. İşıqların qiyməti 2-10 AZN, “Yolka” zərləri 1-2 AZN, oyuncaq dovşanların qiyməti 5 AZN, qapıdan asılan “Yolka” budaqları isə 3-5 AZN-dir. Qarlı şaxta baba suvenirləri 3-5-15 AZN, lampa suvenirlər isə 20-25 AZN aralığındadır”.

"28 May" metrosu yaxınlığında təşkil edilən başqa bir yarmarkanın satıcısı Azər Vaqifoğlu burada 2 AZN-dən başlayaraq 100 AZN-ə qədər Yeni il bəzəklərinin olduğunu vurğuladı:

“Dekabrın 5-dən səhər saat 09-00-dan axşam saat 21-00-a kimi fəaliyyət göstəririk. “Yolka”ların qiyməti 6-100 AZN aralığındadır. Onların ölçüsü adətən 60-2.40 sm təşkil edir. 2.40 sm hündürlüyündəki “Yolka” 100 AZN-dir. Oyuncaqların isə bir paketi 2-40 AZN aralığındadır. 

“Yolka”ların yanında qızılı dəmirdən olan kiçik suvenirlər olur ki, bunlar da 15-20 AZN, işıqlar 2-10 AZN, lampa suvenirlər 6-35 AZN, dovşanların qiyməti 4-30 AZN, “Yolka” zərləri 50 qəpik-3 AZN, şaxta baba corabları 1-7 AZN , qapıdan asılan “Yolka” budaqları isə 6-20 AZN-dir. Şaxta babaların qiyməti isə 3-25-60 AZN aralığındadır”.

Yarmarkalardan birində Yeni il ab-havalı qab-qacaqlar da satılır. Şaxta baba və “Yolka” dizaynlı bu əşyalar insanın bir xeyli diqqətini çəkir desək heç də yanılmarıq.

Satıcı Ədalət Şəliyev bu qablara insanların xüsusi marağından danışdı. Onun sözlərinə görə insanlar büdcələrinə uyğun bu qabları tək ya da dəst formada alıb yaxınlarına hədiyyə edirlər:

"Alıcılarımız burada müxtəlif ölçülü və müxtəlif təamlar üçün nəzərdə tutulan Yeni il bəzəkli qab-qacaq dəstləri əldə edirlər. Çeşidlərimiz həddən artıq çoxdur. Onlar burada dərin və dayaz boşqablar, eyni zamanda çaynik, meyvə qabı, stəkan-nəlbəki dəsti, duz-istiot qabı ala bilərlər.

Qiymətlər 5-8-10-12-15-25 AZN aralığında dəyişir. Stəkanların qiyməti 8-15 AZN, çayniklər 1-18 AZN, meyvə qabları da 18 AZN-dir. Alıcılar bu qabları tək-tək də alırlar. Amma dəst alanlar da az deyil. Onların da qiyməti 40-45 AZN-dir.

Yarmarkalarda çəkiliş edərkən alıcıların da fikirlərini öyrəndik. Onlar builki Yeni il yarmarkalarının qiymətlərindən razı qaldıqlarını bildirdilər:

Alıcı Dürdanə Hüseynova: “Qiymətlər pis deyil. Büdcəmiz yetdiyi qədər alırıq. Bu gün ilk dəfədir yarmarkaya gəlirəm. Uşaqlar üçün hədiyyə almağa gəlmişəm. Məsələn indi bir oyuncaq soruşdum qiymətinin 2 AZN dedilər. Normaldır”.

Alıcı Zərifə Qafarlı: Yeni il hədiyyələri almağa gəlmişəm. Daha çox Şaxta baba suvenirləri ilə maraqlanıram. Rəfiqələrim var. Hazırda onlar üçün hədiyyə seçimi edirəm. Artıq yarmarkalarda bir neçə dəfə olmuşam. Hədiyyələrin bir qismini almışam. Digər yerlərlə müqayisədə daha çox yarmarka qiymətləri cibə uyğundur.

Alıcı Aysel Nəzərova: "Yeni illə bağlı təşkil edilən yarmarkalarda tez-tez oluram. Bu dəfə isə bu suvenirləri gördüm. Mənə çox maraqlı gəldilər. Qiymətləri də yaxşıdır. Düşünürəm ki ötən il ilə müqayisədə bu il qiymətlər daha ucuzdur. Ötən dəfə də buradan yeni ilə aid saç aksessuarı almışdım".

Yarmarkada alıcılara nəhəng şaxta babalar da təklif edilir. Onların qiymətləri 60-170 AZN-dir.

Apardığımız araşdırmalardan satışda hər bir ailənin büdcəsinə uyğun Yeni il bəzəkləri olduğunu öyrəndik. Hər kəs öz cibinə uyğun olaraq Yeni il bəzəkləri əldə edə bilər.

Müxbir: Zöhrə Pənahi / Foto: Təranə İbrahimova
BAKU.WS