SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Builki yay mövsümünün açılışında turizm naziri Əbülfəs Qarayev maraqlı bir anons vermişdi: "Novxanıda pulsuz çimərlik açılacaq". Amma yay mövsümü geridə qalsa da, Bakı əhli ən yaxşı halda  "giriş 3 manat, stol-stul 15 manat” deyilən çimərliklərin soyğununa məruz qaldı. Necə deyərlər, bir ailənin bir günlük çimərlik səfası, yol-yemək xərclərini də nəzərə almaqla, minimum 30 AZN təşkil etdi. Bu isə Azərbaycan və devalvasiya reallığında ciddi rəqəm sayılır, birbaşa insanın cibinə girməkdir. 

Bu şərtlər daxilində sıravi azərbaycanlı nə etdi? Sayca iki əlin barmaqlarının sayı qədər olan pulsuz, xalq çimərliklərinə axın etdi. Təbii ki, əhalinin böyük bir qismi üçün belə yerlərin mövcudluğu sual altındadır. Çünki məmurların dənizi hər gün daha çox hasarladığı, dənizlə görüşmək üçün seçimlərin ildən-ilə azaldığı bir zamanda belə məkanı tapmaq az qala möcüzəyə bərabərdir. 

BURA NƏ SƏYYAR SATICI GƏLİR, NƏ DƏ PUL İSTƏYƏN "STOYANŞİK”

"Yeni Müsavat”ın əməkdaşı  bu günlərdə adına "xalq çimərliyi” deyilən, pulsuz çimərlikdə olub və şərtləri öyrənib. Şəkillərdən gördüyünüz bu çimərlik Fatmayi qəsəbəsində yerləşir. İldən-ilə onun yan-yörəsindəki hasarların sayı artsa da, hələ ki, xoşbəxtlikdən çimərliyi insanların üzünə tam bağlamayıblar. Burada girişə, eləcə də maşınların saxlanma yerinə nəzarət edən yoxdur. Dolayısı ilə də istirahət etmək istəyən vətəndaşlar heç kimə pul ödəmilər. Necə deyərlər, sıfır məsrəf. Amma ucuz ətdən şorba olmur. Bu haqda da bir qədər sonra. 

 

Çimərlik bildiyimiz klassik çimərlik normalarına, standartlarına cavab vermir. Burda günəşdən qorunmaq üçün iri çətirlər, stol-stullar yoxdur. Sərinləşdirici içki, tum, qarğıdalı... satışından söhbət belə gedə bilməz. Sahilboyu adını çəkdiyimiz nəsnələrin satışı ilə məşğul olan kiçik alverçilər bura baş çəkmir. Səbəb? Bura "sahilboyu zolağına” aid deyil. Çimərliyin sağında yerləşən istirahət obyekti – orada istirahət edənlərin olmasından danışmaq mümkün deyil – buna imkan vermir. Bura gələn insanlar isə özləri ilə çimərlik istirahəti üçün lazım olan hər şeyi gətirirlər – günəş çətiri, termosda çay, samovar, manqal, kiçik, plastik stol-stullar, kiçik şezlonqlar... Gələn kimi xalçasını, palazını yerə sərir, gətirdiyi qarpızı suya salır və... başlayır istirahət. 

TƏTİLÇİ ETİRAF EDİR: "BURANI SEÇMƏYİMİN YEGANƏ SƏBƏBİ VAR – PULSUZ VƏ SƏSSİZ OLMASI...”

"Mənim buranı seçməyimin bir məqsədi var – pulsuz olması. Xoşum gəlmir gedib hansısa çimərlikdə bir ofisianta təkcə atol-stula görə 30 manat ödəməkdən. Mən məzuniyyətə çıxmışam, məzuniyyət pulumu da əvvəldən almışam. 10 gün dalbadal həmin çimərliyə getsəm, eləcə stol-stula verdiyim pul məzuniyyət pulumu ötəcək. Özü də çimərlikdə qumda uzanarlar. Bunlar stol-stulu piltə döşədikləri yerin altına qoyurlar, sonra da camaat restoranda oturan kimi gedib oturur orda”. 

 

Bunu deyən şəkildə gördüyünüz tətilçilərdən biridir. Yay girəndən bəri üç uşağı, anası və xanımı ilə tez-tez Fatmayıdakı pulsuz çimərliyə gəlir. Məzuniyyətə çıxdığı avqust ayının əvvəlindən isə hər gün. Asif adlı tətilçi onu da bildirir ki, pulsuz çimərliyin digər bir yaxşı cəhəti isə burdakı səssizlik, sevmədiyi, qulaqbatıcısı musiqinin səsini eşitməmək və zəhlətökən, yüksək məbləğdə xidmətin olmamasıdır:  "Çay verirlər, baxırsan ki, yaxşı dəm almayıb. Deyirsən, apar dəmə qoy, sonra yenə gətir. Gedib 10 dəqiqədən sonra eyni rəngdə, dəm almamış çayı gətirir. Ondansa samovarımı burda qaynadıram, evdən də hazırlıqlı gəlirik. Yeməyimiz-içməyimiz təmiz, təzə. Uşaq da gözümün qabağında, sudan çıxmır”. 

XALQ ÇİMƏRLİYİNİN "OLMAZSA OLMAZ”I – TƏBİİ ZİBİLLİKLƏR... 

Sahilə adlı 2 uşaq anası isə bu çimərliyin hər şeyindən razıdır, təkcə natəmizliyindən başqa. Bu da çimərliyin ərazisində zibil qutularının olmaması ilə bağlıdır. Son nəticədə isə şəkildə də gördüyünüz kimi, insanlar "təbii zibilxanalar” düzəldirlər. Ya yemək artıqlarını, qarpız qabıqlarını, zibilləri oturduqları yerdə qoyub gedirlər, ya da "qeyri-rəsmi” elan edilən, çuxur zibilxanalara atırlar. Halbuki kiçicik bir külək nəticəsində bu zibil artıqları yenidən sahilə, qumluğa səpələnir: "Adamlar başa düşmürlər ki, bu yerə bir də gələcəklər. Və gələndə bundan əvvəl tökdükləri zibillərin əlindən oturmağa yer tapmayacaqlar. Kasıbın qənimi elə kasıbdır, vallah. Bir-iki yer qalıb gələ biləcəyimiz, onu da murdarlayıb qoyacaqlar axırda. Amma camaatı da qınamıram. Ayaqyolu yoxdur, zibil qutusu yoxdur. Neyləsin? Bir az mədəni olanı zibilini torbaya doldurub, maşınına qoyur. Yolda harda zibil qutusu tapsa ora atır. O biriləri isə nə edirsə, özünə edir”. 

Həqiqətən də çimərliyin qeyri-rəsmi olması onun gözlərdən və nəzərdən tamam uzaqlaşması ilə nəticələnib. Belə ki, Fatmayi çimərliyinin ərazisində nə xilasetmə xidməti var, nə də qırmızı zolaq. Odur ki, burada istirahətə gələnlər, dənizə girənlər risk qrupuna daxildilər. Ümumiyyətlə, FHN-in Xilasetmə Xidmətinin siyahısında da bu çimərliyin adı yoxdur. Bu səbəbdən də valideynlər uşaqlarına ciddi nəzarət etməli, boğulma riskindən uşaqlarını və özlərini qorumalıdılar.
 

 

Müşahidələrimiz deməyə əsas verir ki, uzunu 150-200 metr olan bu çimərlikdə su ilk baxışda təmiz görünür. Qum isə əsl dərman kimidir. Elə reportaj zamanı yerimə əngəlli uşağını qumda basdıran valideyn, qum vannası qəbul edən orta yaşlı adamların çoxluğu bu qumun faydasından xəbər verirdi. Burdakı nəzarətsizliyin bir mənfi cəhəti isə insanların azadlıqdan sui-istifadə etmələridir. Kiminsə maşını iridirsə və qumda batmaq riski azdırsa, o, rahatlıqla maşını düz sahilə tərəf sürəcək, insanların qumda uzanmasına fikir vermədən maşını lap yaxına sürəcək. Amma insanlar hesab edir ki, bu da pulsuz çimərliyin necə deyərlər, "cilvələridir”, dözmək olar və ya hər gözəlin bir eybi var.

Sonda... Fotoları çəkib, məkandan uzaqlaşanda isə az öncə müsahibim olan bir nəfər yaxınlaşır. "Bəlkə burdan yazmayasız?” Klassik bir müsahib qorxusudur deyə düşünürəm. İzahat özünü gözlətmir: "Yazıb oğrunun yadına daş salacaqsız. Bilməyənlər də biləcək, gəlib hasarlayacaqlar. Ya da camaat axışacaq bura. Qoyun heç olmasa yay qurtarsın, sonra yazarsız”. 

Kasıbın qorxusu da məntiqli və düşünülmüş olur, nə demək olar? Hər kəs maksimum az məsrəfli və gözəl istirahət etməyi haqq edir. Azərbaycanda isə bu, olduqca çətindir. 
 
BAKU.WS