"14 döyüşdə yaralandım, amma veteran sayılmıram" - Gəncə sakininə niyə 30 ildir status verilmir?
Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Fuad Bədəlov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, 1992-1994-cü illərdə ərazilərimizin azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etsə də, "Müharibə veteranı" adı ala bilmir.
Vətəndaş iddia edir ki, döyüşlərdə iştirak etməsi və yaralanmasını təsdiq edən sənədləri Müdafiə Nazirliyinin müvafiq komissiyasına təqdim edib. Amma illərdir müraciəti cavabsız qalıb.
"1992-ci ildə döyüşlərə qatıldım. Ağdərədə 14 əməliyyatda iştirak etdim. Qaradağlı kəndində gedən döyüşlər zamanı ağır yaralandım və döyüşdən çıxdım. Şikayətim Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"nın katibi Elbrus Mehdixanovla bağlıdır. Onun qəbulunda olmuşam, bütün sənədlərimi də təqdim etmişəm. Soruşuram ki, niyə bu ad verilmir? Cavabında deyir ki, "müharibədə yaralandıqdan sonra sənə məzuniyyət verməli idilər". Axı mənim məzuniyyətimin sənə nə aidiyyəti var?!" - deyə F.Bədəlov bildirib.
Məsələ ilə əlaqədar Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, vətəndaşın 1994-cü ilin 26 mart tarixindən əvvəl və sonrakı dövrlərdə xidmət etdiyini təsdiqləyən sənədlər varsa, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə təqdim etməsi xahiş olunur.
Oxşar xəbərlər
Bankdan pul götürmək istəyənlərin nəzərinə: 2026-cı ildə faizlər necə olacaq?
Bankların yeni cəlb etdikləri depozitlər üzrə faiz dərəcələri azalsa da, kredit faizləri nəinki aşağı düşməyib, əksinə artım nümayiş etdirib. Belə ki, Azərbayca...