Bu yaxınlarda evlənməyə hazırlaşan Seymur Cəlilov Bakıda ev almaq qərarına gəlib. Seymur kiçik bir axtarışdan sonra Xətai rayonunda tikinti aparan "Əzizbəyov-KM” MMC şirkətilə əlaqə yaradıb.


Seymur Cəlilov BAKU.WS-ə şikayətində bildirib ki, şirkətin direktoru Abbas Hacıyevlə mənzili 94 min manata almağa razılaşıb: "Evin sahəsi 114 kv. idi. İlkin ödəniş olaraq 40 min manat ödədim. Qalan pulu 36 aya verməyə razılaşdıq. Pulu verdikdən 2 gün sonra şirkətə getdim ki, alqı-satqı barədə sənədləşdirmə aparım. Dedilər ki, evi sənə o qiymətə sata bilmərik. Verdiyim 40 mini geri istəyəndə isə qaytarmadılar”, - deyə Seymur Cəlilov şikayətlənib.

Aldanıldığını anlayan vətəndaş dərhal Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyatı instansiyalara şikayət edib. Onun müraciətindən sonra araşdırmalara başlanılıb.

İşi araşdıran müstəntiq Nazir Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə həqiqətən də şikayət daxil olub. Şikayət araşdırılıb və bu yaxınlarda problem həll olunacaq.

Məsələ ilə əlaqədar "Əzizbəyov-KM” MMC şirkətilə də əlaqə saxladıq. Şirkətin texniki məsələlər üzrə direktoru Rüfət Məmmədov BAKU.WS-ə açıqlamasında bu neqativ hadisənin baş verdiyini təsdiqlədi. Onun sözlərinə görə, Seymur Cəlilov kimi bir neçə alıcı var ki, onları da şirkətin keçmiş direktoru Abbas Hacıyev aldadıb: "Şirkətin sahibi Azad Həsənov hadisə barədə biləndə Abbas Hacıyevi işdən qovdu. Ondan sonra məlum oldu ki, həmin insan vəzifəsindən sui-istifadə edərək bir çox insanı aldadıb. Azad müəllim və bir neçə şikayətçilər də onun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər. Abbas Hacıyev vəziyyətin gərgin olduğunu bildiyi üçün gizlənib. Buna baxmayaraq, Azad Həsənov aldadılan müştərilərə özü köməklik edəcək”, - deyə Rüfət Məmmədov bildirib.

Şirkət rəsmisi vurğuladı ki, Seymur Cəlilov və digər aldadılan şəxslərin problemləri sentyabr ayının 25-nə qədər həll olunacaq. Yəni Azad Həsənov zərərçəkmişlərə pullarını qaytaracaq.

Nə deyirik, gözləyək.

Ziya Səccad
BAKU.WS