SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Məsələ ilə bağlı müəyyən istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq planlaşdırılır.

BAKU.WS xəbər verir ki, "1 manatlıq" taksilərə qarşı görüləcək tədbirlər 3 qrup insanı əhatə edəcək.

Belə ki, bu taksilərin xidmətindən istifadə edən şəxslər heç də "1 manatlıq" taksilərin şəhərdən yığışdırılmasını istəmir. Çünki vətəndaşlar bu taksilər vasitəsilə istədikləri məkana vaxtında və rahat şəkildə yetişirlər. Digər tərəfdən bu taksilərin sürücüləri də mümkün tədbirlərlə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar da gündəlik qazanc yerlərini itirməkdən qorxurlar. Üçüncü tərəf isə "1 manatlıq" taksilərin yaratdığı tıxaclardan əziyyət çəkən digər sürücülərdir. Onlar da taksilərin yollarda ikinci və üçüncü zolaqda dayanmaqla böyük tıxaclar yaratmasındn əziyyət çəkirlər.

Mövcud problemin həlli cəmiyyətdə geniş müzakirə olunur. Hər üç tərəfi razı salacaq həll yolu isə böyük maraqla gözlənilir. Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. O, BAKU.WS-ə bildirdi ki, əslində bu problem ictimai nəqliyyatın fəaliyyəti yetərli olmadığı üçün yaranır: 

"Üç qrupa daxil olan şəxslərdən birincisi evə, işə və digər yerlərə rahat getmək istəyənlərdir. Bu insanların tələbini qarşılayan ictimai nəqliyyat olmalıdır. Tələblərə uyğun səliqəli, qanuni və təhlükəsiz ictimai nəqliyyat olmalıdır. Bu nəqliyyat olmadığına görə insanlar alternativ yollara, taksilərə üz tuturlar.

Hesab edirəm ki, şəhərdə fəaliyyət göstərən bu taksilərə bir manatlıq taksilər adının verilməsi düzgün deyil. Taksilərə bu ad verilməklə sanki onlara bir status verilir. Psixoloji olaraq beyinə yeridilir ki, bu şəxslər nə istəsələr, edə bilərlər. Bunun qarşısını almaq lazımdır.

Fikrimcə, sərnişin axınını qarşılamaq üçün ictimai nəqliyyat təşkil olunmalıdır. Avtobus marşrutları elə qurulmalıdır ki, hər şeyi əhatə etsin. Misal üçün, Pirallahı qəsəbəsindən Koroğlu metrosunun qarşısına gələn çoxlu sayda insan var. Onlar yol boyu heç yerdə dayanmadan Koroğlu istiqamətinə və əksinə hərəkət edirlər. Bunu təşkil etmək üçün ekspress marşrut təşkil etmək olar.

Sovet dövründə də oxşar marşrutlar var idi və kiçik tutumlu avtobuslar fəaliyyət göstərirdi. 10-15 nəfərlik sərnişinləri daşımaq mümkündür. Bunun üçün hərəkət sxemi, növbəlilik və peşəkar sürücülər əsas şərtlərdəndir. Əgər bu ekspress marşrutlar təşkil olunarsa, manatlıq taksilərdən istifadə edənlərin bir hissəsi artıq azalacaq. Manatlıq taksi sürücülərinin işsiz qalmaması üçün onları marşrut xətlərinə işə götürmək mümkündür. Həmin şəxslərə müəyyən təlimlər keçməklə ekspress xətlərdəki fəaliyyətlərini təşkil etmək olar".

Ekspert əlavə etdi ki, sərnişin axınını qarşılamaq məqsədilə müxtəlif variantlarda ictimai nəqliyyat olmalıdır: "Nə qədər ki, ictimai nəqliyyat olmayacaq, insanlar alternativ vasitələrə üz tutacaqlar. Belə olan təqdirdə manatlıq taksi xidmətləri ortaya çıxır.

Lakin ümumilikdə taksi xidməti həmişə olacaq. Çünki taksi qapıdan qapıya prinsipi ilə işləyir. Bəzi şəxslər dayanacağa getmək istəmir, işi təcili olur. Fərdi qaydada getmək istəyənlər də olur. Bu məsələdə taksi xidmətini nizama salmaq lazımdır. Taksi standartları tədricən tətbiq olunmalıdır. Sürücülər peşəkar olmalıdır, avtomobillər tələblərə cavab verməlidir. Digər tərəfdən taksi sürücülərinin yol hərəkət qaydalarına riayət etməsinə nəzarət edilməlidir. Heç bir himayəçilik, qayda pozuntularına göz yummaq olmamalıdır".

Orxan Hüseyn
BAKU.WS