SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Dəmir Yolları” QSC mayın 18-də media nümayəndələrindən bir qrupunun iştirakı ilə Ləki stansiyası-Qəbələ birxətli dəmir yoluna media-tur təşkil edib.

BAKU.WS xəbər verir ki, media-tur zamanı mətbuat nümayəndələri yeni dəmir yolu, Qəbələnin turizm potensialı barədə məlumatlandırılıb.

Məlumat üçün bildirək ki, Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometr təşkil edir. Ləki stansiyası–Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 metr) və tökmələrdən (12 metr) keçir.

Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusu, Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 kilometr, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir.

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlılığını təmin etmək məqsədilə 16 min 855 poqonmetr beton qanov, 430 poqonmetr drenaj xətti və 277 poqonmetr istinad divarının tikintisi tamamlanıb. Dəmir yoluna paralel olaraq layihə üzrə 10 kV-luq sərbəst yan qidalandırıcı elektrik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib.

Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84 min 600 poqonmetr metal hasar quraşdırılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova BAKU.WS-ə bildirib ki, Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməsə də, qatar istifadəyə tam hazırdır: "Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişindaşıma dayandırılıb. Buna görə də Bakı-Qəbələ qatarı hazırda sərnişinlərin istifadəsinə verilməyib. Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcək. Biletlərin qiymətləri dəqiqləşdirilməyib".

Yeni açılışı olan stansiyanın Qəbələnin turizm potensialına təsiri ilə bağlı Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov danışıb. O, BAKU.WS-ə qeyd edib ki, stansiyanın açılışı regional turizm üçün mühüm hadisədir: "Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkələrdə dəmir yolu ilə səyahət olduqca önəmlidir. Gəncədən sonra Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir.

Qəbələ daxili və xarici turistlərin səyahəti baxımından Bakıdan sonra ikinci yerdə qərarlaşıb. Həmçinin Qəbələ ilin bütün fəsillərində turistləri özünə cəlb edən bir istiqamətdir. Bu səbəbdən yeni dəmir yolu xəttinin açılışı təsadüfi hadisə deyil və Qəbələnin turizm potensialının artırılmasında mühüm rol oynayacaq".

Qeyd edək ki, ən müasir yol-nəqliyyat infrastrukturu ilk növbədə vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

Orxan Hüseyn
BAKU.WS
QALEREYA