SİZİN REKLAM BURADA!
055 213 76 73


11 ayın sultanı olan Ramazan ayı ölkəmizdə böyük coşğu ilə qeyd olunur. Pandemiyanın hökm sürdüyü bir vaxtda vətəndaşlarımız oruc tutur və müqəddəs ayın vacib ayinlərini yerinə yetirirlər.

BAKU.WS xəbər verir ki, ölkədə məscid və ibadət yerlərinin bağlı olmasına baxmayaraq, vətəndaşlarımız fərdi şəkildə Ramazan ayının ayinlərini icra edirlər.

Sadə vətəndaşlarla birgə məşhur simalar arasında oruc tutanların olması maraqla qarşılanır. Bunu nəzərə alan BAKU.WS ölkədə tanınmış simalara Ramazan ayında oruc tutub-tutmamaları ilə bağlı müraciət edib.

Xalq artisti Afaq Bəşirqızı: "Bəli, mən də oruc tuturam. Orucluq normal keçir və heç bir şikayətim yoxdur. Hesab edirəm ki, əgər orucu ürəklə və xoş niyyətlə tutsan, insana çox kömək olur. Bundan əvvəlki illərdə də mən oruc tutmuşam. Oruc tutmaq dindən gələn bir şeydir, ikinci növbədə sağlamlıqdır. Əslində bu, hər birimizə lazımdır. Oruc tutmaq həm savabdır, həm də çox xeyirlidir".

Millət vəkili Ceyhun Məmmədov: "Mən hər il olduğu kimi, bu il də oruc tutmuşam. Ötən il və bu il də Ramazan ayı pandemiyaya təsadüf edib. Bu, özü-özlüyündə müəyyən çətinliklər yaradır. Amma orucun tutulması və ibadətlərin fərdi qaydada yerinə yetirilməsində hər hansı problem yoxdur. Əvvəlki illərdə Ramazan ayında insanlarımız məscidlərdə namazlar qılırdılar. Lakin pandemiya şəraitində bunları etmək olmur. Həmçinin kütləvi iftar mərasimləri də keçirilmir. Bu vəziyyət müvəqqəti çətinlikdir. Ona görə hər birimiz karantin qaydalarına riayət etməliyik.

Biz çalışmalıyıq ki, ibadətlərimizi öz evimizdə yerinə yetirək. Dinimizdə də sağlamlıq ən vacib məsələlərdən biridir. Bir çox ibadətlərdə insanların sağlam olması əsas şərt götürülür. Ümid edirik ki, vətəndaşlarımız Ramazan ayında qaydalara, tövsiyələrə əməl edəcək, eyni zamanda özləri və yaxınlarının sağlamlığını qoruyacaqlar. Tanrıdan bütün yerinə yetirilən oruc və ibadətlərin qəbul olmasını diləyirəm".

Futzal üzrə Azərbaycan yığma komandasının kapitanı Rizvan Fərzəliyev: Mən də Ramazan ayında oruc tuturam. Şükrlər olsun ki, bu günə kimi bir problem olmayıb. Hazırda həm milli komanda ilə, həm də "Araz" klubu ilə məşq proseslərimiz dayanıb. Ona görə heç bir narahatlıq yoxdur. Adətən məşq prosesi olarkən bir az çətinliklər olur.

Ramazan ayı əslində sağlamlıq və pak olmaq ayıdır. Gənclərə də məsləhət görərdim ki, nə qədər imkan varsa, Ramazan ayından istifadə etsinlər və orcu tutmağa çalışsınlar. Bu həm günahların bağışlanması, həm də sağlamlığın təmin olunan ayıdır.

Meyxanaçı, müğənni Namiq Qaraçuxurlu: "Hər il oruc tuturdum. Bu il müəyyən səbəblərdən tuta bilmədim. Bu səbəbi Allah günahlarıma, bəhanələrimə yazmaz, inşallah".

Orxan Hüseyn
BAKU.WS