Müğənnilərimiz bahalaşmadan razılıq edirlər: Nadir Qafarzadə: İnsanlar pessimist olmasın
Tarif Şurasının məlum qərarından sonra ölkədə bir çox ərazaq məhsullarında və gryim mallarında kəskin bahalaşma müşahidə olunur.
BAKU.WS-in məlumatına əsasən, sirr deyil ki, sənət adamlarının, müğənnilərin qazanc yeri toylardır. Əcnəbi həmkarlarından fərqli olaraq nə albom satışı, nə də konsertlərdən gəlir götürə bilən azərbaycanlı şou əhlinin çörəyi necə deyərlər, toydan çıxır. Artıq toydan çıxmır, desək, o qədər də yanılmarıq. Çünki vaxtilə toy bazarında ən bərkgedən müğənnilər hazırda toysuzluqdan şikayətlənir.
Maraqlıdır, görəsən bu bahalaşma müğənnilərin toy qonorarına təsir edəcək? Yoxsa onlar da toy qiymətlərini qaldıracaqlar?
Musavat.com mövzu ilə əlaqədar müğənnilər arasında sorğu keçirib.
Əməkdar artist Ədalət Şükürov toy qiymətini qaldırmayacağını deyib:
"Mən neçə ildir ki, toya eyni qiymətə gedirəm. Toy qiymətimi dəyişmək fikrim yoxdur. Çünki insanların xətrinə dəyə bilmərəm. Kim dəyişirsə, özü bilər. O ki, qaldı qiymət artımına, bu dövlət tərəfindən atılan addımdır. Birdən-birə verilən qərar deyil, aylarla düşünülür. Mən olsaydım, qiymət qaldırmazdım. Necə olur ki, neftin qiyməti düşür, amma benzin qiyməti düşmür? Bunu anlamıram. Elə dövrdür ki, insanlara demək lazımdır ki, inciməyin, işıq 7 qəpikdir, elə edərik 6 qəpik olar. İndi elə zəmanədir ki, insanların əlindən tutmaq lazımdır”.
Müğənni Nadir Qafarzadə xalqı pessimist olmamağa çağırıb:
"Onsuz da, toyların sayı azalıb, insanlar artıq başqa ehtiyaclarını düşünür. Qiymət qaldırmaq haqda düşünmürəm. Allah Azərbaycan xalqının köməyi olsun. Heç kimi aclıqla, çörəklə imtahan etməsin. Hər qaranlıq gecənin bir gündüzü var. Bu artımlar varsa, gələcəkdə dövlətimiz tərəfindən insanlarımızın yaşayışının yaxşılaşdırılması üçün addımlar atılar, maaşlar, pensiyalar artırılar. İnsanlar pessimist olmasın. Avropada da belədir. Hər şey bahadır, amma insanlar pessimist deyil, daim üzlərində təbəssüm var”.
Xanəndə Gülay Zeynallı toy qiymətini qaldırmayan sənət adamlarındandır:
"Bahalaşma ilə bağlı sualı dolları çox olan insana verin. Qazın və işığın pulunun artığını bilirəm. Bizim işimiz çox olur deyə evdə az oluruq. Mən yaşayışımdan çox razıyam, qiymətlər qalxsa da, naşükürlük edə bilmərəm. Allah sağlamlıq verib, ehtiyaclarımı ödəmək üçün çalışıram. Mənim toy qiymətim stabil deyil. Elə insan var ki, məni toyuna dəvət etməyə imkanı çatmır, amma arzusudur. Mən o toya ya pulsuz gedirəm, ya da az məbləğ alıram. Getdiyim məkana və toy sahibinin durumuna uyğun qiymət deyirəm. Toy qiymətimi qaldırmaq fikrim isə yoxdur”.
Müğənni Aysel Əlizadə bildirib ki, toya aşağı qiymətə gedən müğənnilərdəndir:
"Yəqin belə məsləhət olub ki, qazla işığın qiymətini qaldırıblar. Bizə də ödəmək qalıb. Mən evdə az oluram, işıqdan qazdan istilikdən az istifadə edirəm. ona görə çox xərc çıxmır. Toy qiymətlərimə gəldikdə isə dəyişiklik olmayacaq. Onsuz da mən baha qiymətə toylara getmirəm”.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kirayə evlər bahalaşdı (QİYMƏTLƏR)
Paytaxtda kirayə ev bazarında bahalaşma müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu ilin mart ayı Bakı şəhərinin kirayə mənzil bazarında aktivlik səviyyəsinin...