Mətanət Əsədovanın başına iş gəldi: "5 dəqiqə də geciksəydi, ölə bilərdim"
Əməkdar artist Mətanət Əsədovanın Milli.Az-a müsahibəsi
- Mətanət xanım, bütün müğənnilərin toylardan şikayətləndiyi bir vaxtda sizdə bu sahədə vəziyyət necədir?
- Hal-hazırda yay ayı olduğu üçün toylar azalıb. Hamı istirahətdədir, isti aylar olduğu üçün nadir hallarda toy edənlər olur. Biz müğənnilərin də gəlir mənbəyi toylardır. Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə bu il toylar çox az oldu. Elə buna görə də durğunluq çox oldu. Bir sözlə maddi tərəfdən vəziyyətimiz heç də ürək açan deyil. Allah bir də çətin günlər qismət etməsin.
- Toy olmasa, necə dolanarsınız?
- Toyların olmamağını heç bir həmkarıma arzulamıram. Çünki müğənniyiksə, oxumalıyıq, bizim başqa sənətimiz yoxdur. Allah hamının ruzisini versin. Mən həmişə öz yerimə danışmağı xoşlayıram. Toy olmasa gözəl yeməklər hazırlayıb satışa çıxararam, geyimlərə dizayn verərəm. Birtəhər başımı dolandıraram. Mən özümə və zövqümə güvənirəm.
- Amma bəzi həmkarlarınız naşükürlük edirlər. Deyirlər ki, toyun səs-küyündən bezmişik, biz də ildə bir dəfə konsert verib, pul götürmək istəyirik.
- Mən həmkarlarımı qınamıram, düz deyirlər. Biz məcburiyyətdən toylara gedirik. İnsan toya 1 saat qonaq gedəndə əldən düşür. Biz həm oxuyuruq, həm qonaqların arzularını həyata keçiririk, həm də oynayırıq. Nə qədər problemimiz də olsa gülərüz olmalıyıq. Bizim problemlərimizin onlara aidiyyatı yoxdur. Çünki toy ömürdə bir dəfə olur, həmişə olmur. Mən həmin müğənniləri çox yaxşı başa düşürəm. Çünki o işin içində məndə varam. Allah etsin ki, Azərbaycanda bir konsertlə 2-3 il dolansınlar. Niyə də olmasın ki? Azərbaycanda sənətkarlarından harada var? Sadəcə olaraq biz özümüzü sevmirik, özümüzü sevib, bir-birimizə dəstək olsaq bu problemlər aradan qalxar.
- Müğənni həmkarlarınızın öz çevrəsi var. Sizin çevrəniz kimlərdən ibarətdir?
- Mən müğənni həyatı yaşamıram, sadəcə səsim musiqi aləmindədir. Həmkarlarım məni toydan- toya, çəkilişdən-çəkilişə görürlər. Mən evdə vaxt keçirməyi sevirəm. Qohum-əqraba o qədərdir ki, ancaq onlara vaxt ayırıram.
- Vasif Məhərrəmli müsahibələrindən birində müğənniliyin qadın sənəti olmadığını deyib. Bu əslində sizi qəbul etməmək deyil?
- Mən Vasif bəyin fikirlərinə hörmətlə yanaşıram, illərdir ki, biz dostuq. Bir-birimizin evinə gedib gələn insanlarıq. Amma bu sözlə razılaşmıram. Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova qadın kimi yaxşı müğənni deyildilər ki? Yalnız kişilər oxumalı deyil ki. Kişinin kişi, qadının isə qadın boğazı var. Qadın əgər mahnının məsuliyyətini dərk edib, dinləyiciyə çatdıra bilirsə, niyə də oxumasın ki? Qadın incə oxumalıdır, səsi həlim olmalıdır.
- Bu saydığınız xüsusiyyətlərə uyğun şou-biznesdə neçə nəfər qadın müğənnisi var?
- Çox azdır, ya da ki, mən az görmürəm. Keçəlin başında nə qədər tük varsa, onlar da o qədərdir. Mən özümdən pisi də, yaxşını da misal çəkirəm. Bu günə qədər nə klip çəkdirdim, nə konsert verdim, nə də ki, tez-tez yeni mahnılar yazdırdım. Xalqın yaddaşında bu gözəl səsimlə qaldım. Mənim hər çıxışım böyük bir konsertdir. İstər toylarda, istərsə də efirlərdə. 32 ildir ki, xalq məni sevib dəstəkləyir. Yaşından asılı olmayaraq hamı məni çox sevir. Mətanət Əsədova deyilən dəsti-xətt var. Mən bunu qazanmışam. Bu şöhrəti də qoruyub saxlayıram.
- Qadın həmkarlarınız arasında rəfiqəniz varmı?
- Uşaq vaxtından mənim rəfiqəm olmayıb, rəfiqə sözünə inanmıram. Mənim hər şeyim anam olub. Bilirəm ki, içdən məni çox istəyən azdır. Çünki həmişə düz sözü demişəm. Mən qatığa qara deyə bilmərəm. Sənətdə demək olar ki, Bahar Lətifqızı, Zemfira İbrahimova, Könül Kərimova, Gülbahar Şükürlü, Nuriyyə Hüseynova ilə münasibətim var. Amma yaxşı dostlarım var. Manaf Ağayevi misal çəkə bilərəm. O dostuna görə var-dövlətindən, balalarından keçər. Hətta bir dəfə suda batanda dostum məni xilas etdi. 5 dəqiqə də geciksəydi, ölə bilərdim. Allah insanı saxlayanda saxlayır.
- Çox maraqlıdır ki, siz ad çəkdiniz. Amma digər həmkarlarınız sizin adınızı rəfiqəlik siyahısında çəkmir.
- Bu artıq paxıllıqdır. Mənim elə xarakterim var ki, xoşum gəlməsə üzümü çevirib gedəcəyəm. Mümkün deyil ki, ona "can", "qurban sənə" deyim. Çünki mən Göyçay torpağında o saflıqla böyümüşəm. Mənim xarakterimi heç kim dəyişə bilməz. Bir insandan xoşum gəlməsə, onun düz üzünə deyərəm. Arxasınca niyə deyim ki, başqası da aranjiman edib ona çatdırsın. Bu sənətdə adama bacı-bacı deyirlər, bir də görürsən ki, elə yerdə sənin torbanı tikib ki, məəttəl qalırsan. Elə adamlardan qorxmaq lazımdır, Mətanətdən yox!
- Mətanət xanım, bir müddət əvvəl şəxsi həyatınızla gündəmə gəldiniz. Toy olacağı xəbəri deyildi, sonradan bu təkzib olundu. Şəxsi həyatınızda nələr baş verir?
- Mən heç vaxt şəxsi həyatımla gündəmə gəlməmişəm. Sadəcə mənə bu barədə sual veriblər, mən də hörmət əlaməti olaraq cavab vermişəm. Xahiş edirəm, mənə şəxsi həyatımla bağlı sual verməyin. Mənim seçilən vaxtım deyil, mən seçirəm. Mən də ki, nə seçmirəm, nə də ki, evlənmirəm. Bircə onu deyə bilərəm ki, qadın kimi çox xoşbəxtəm, hətta xoşbəxtlərin xoşbəxtiyəm.
BAKU.WS
Oxşar xəbərlər
Mətanət İsgəndərli Həcc ziyarətindən qayıtdı
Əməkdar artist Mətanət İsgəndərli Həcc ziyarətindən qayıdıb. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, müğənni Məkkəyə ilk ziyarətini bacısı Sədaqətlə edib....