Deputatdan qudurğan məmur və biznesmen övladları barədə AĞIR SÖZLƏR: Bu şəxslər...
"Bu cür cinayətlər törətmiş şəxslər qanunun ən ağır formalarında cəzalanmalıdır. Çünki bu təkcə bir epizod deyil, bənzər xarakterdə hallar çox olur. Ona görə kiminsə evini yıxan, balasını öldürən, qanına bais olan şəxslərə qarşı qanunun aliliyi əldə rəhbər tutulmalı və onlar ən ağır cəzalara məhkum olunmalıdır".
BAKU.WS xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, professor Fəzail İbrahimli Bakıda "Porsche Cayenne Magnum" avtomobili ilə iki uşaq anası olan 24 yaşlı gənc qadının ölümünə səbəb olan yeniyetmə və onun timsalında qudurğanlıq edən məmur və biznesmen övladları barəsində deyib.
Millət vəkilinin sözlərinə görə, belə övladlar onların valideynlərinə Tanrı tərəfindən qanundan kənar verilmiş cəzadır: "Birincisi, bununla elə avtoşluq edib iki övlad anasının ölümünə səbəb olan uşağın valideynlərinin özünü Tanrı cəzalandırır. Çünki məncə onlar istəməz ki, belə bir övladı olsun. Görünür ya onun qabağında dura bilmirlər, ya da sədd çəkə bilmirlər.
Yox, əgər onlar doğurdan millətin, xalqın qabağına bu formada çıxmaq istəyirlərsə, bundan xoşallanırlarsa, deməli, onların nəsə başqa problemləri var. Çünki heç bir valideyn istəməz ki, övladı belə şeylər etsin.
Üçüncüsü, tərbiyəsi düzgün qurulmayan və həyatı uğursuz sonluqla bitən övlad valideynlərin hər biri üçün bir cəzadır. Hətta qanunlarla olmasa da, onların hamısı Allah tərəfindən cəzalanan adamlardır".
F.İbrahimlinin fikrincə, insan hansı mənsəb və var-dövlətə sahib olmasından asılı olmayaraq, həddini aşmamalıdır: "Dünyada heç bir valideyn övladın verdiyi cəzadan ağır çəkə bilmir. Əhvalı korlanır, ruhu pisləşir. O valideyn gedib hansısa strukturda yüksək vəzifədə otura və ya pulun, milyonların içində üzə bilər, amma o mənsəb və pullar onun üçün "qızıl teşt"dir, içində qan qusur. Ona görə də onlar gərək bu məsələlərdə "gözü çıxmış qardaş"ından öyrənsinlər. Düzdür, belə işlər hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Amma onu dəqiq bilirəm ki, insan nə edirsə, mütləq qarşısına çıxacaq, əvəzi ona da ediləcək. Ona görə də gərək həmişə çalışıb həddini biləsən. Nəfsin ağıla bələdçilik elədiyi insanlarda, ailədə, nəsildə və cəmiyyətdə heç kim xoşbəxt ola bilməz".
Xatırladaq ki, 14 yaşlı Fərəcli Ağaəli mayın 4-də saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər" stansiyası istiqamətinə gələn yolda 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə hərəkətdə olarkən 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. X.Məmmədova 3 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatnı xilas etmək mümkün olmayıb. Mərhum X.Məmmədova 2 uşaq anası idi və o, paytaxtdakı gözəllik salonlarından birində işləyirdi.
Məlum olub ki, 200 min manatlıq avtomobillə qəza törədən yeniyetmə "sürücü" Bakıda restoran biznesi ilə məşğul olan iş adamı Füzuli Fərəcovun oğludur. F.Fərəcov həddi-buluğa çatmadığına görə, oğlunun həbs olunmayacağını deyir. Lakin bəzi KİV-lərin məlumatına görə, Ağaəli Fərəclinin 16 yaş var.
Ekspertlər isə bildirir ki, qanunvericiliyə əsasən, uşaq ən pis halda qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilə, uşağın atası isə avtomobili onu sürməyə icazəsi olmayan şəxsə verdiyinə görə, maksimum 180 manat cərimə oluna bilər.
BAKU.WS
Oxşar xəbərlər
"Porsche" ilə iki uşaq anasını öldürən 14 yaşlı oğlanın biznesmen atasının FOTOsu yayıldı
Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Ağaəli Fərəcov idarə etdiyi "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşl...