Azərbaycanlı yeniyetmə 1 dəqiqəyə 25 min söz oxuyur - VİDEO
Azərbaycanlı yeniyetmə qız 1 dəqiqəyə ortalama 25 mindən çox söz oxuya bilir. Bakıda fəaliyyət göstərən tədris mərkəzlərindən birində sürətli oxuma ilə bağlı hazırlıq keçən 8-ci sinif şagirdi Fatimə Zülfüqarlı dünya rekordunu yeniləyə bilər.
F.Zülfüqarlı "Report”a açıqlamasında bu fikrə Türkiyədə yayımlanan verilişlərdən birində 12 yaşlı Tarık Yiğitin 1 dəqiqə ərzində 11 725 söz oxumasını gördükdən sonra düşdüyünü bildirib: "Düşündüm ki, mən də öz üzərimdə çalışsam, rekord əldə edə bilərəm və onun rekordunu yeniləmək üçün qarşıma məqsəd qoydum. Bunun üçün çalışdım və istəyimə nail oldum. Bu istəyimə əsas anam dəstək olurdu. Atam və qardaşım isə buna inanmırdı. Lakin sonradan onlar da inandı”.
O, hazırlığa gəlməmişdən qabaq evdə məşq etdiyini, lakin çox kitab oxumağın onda göz ağrılarına səbəb olduğunu deyib: "Ancaq burda müəllimin sürətlə oxumağın taktikalarını öyrətdi. Sürətli oxumaq məktəbdə də köməyinə çatır. Bəzən yeni dərsin keçilməsindən xəbərim olmayanda həmin tapşırığı dərhal açıb oxuyuram və lövhəyə çıxanda yaxşı cavab verirəm. Sinif yoldaşlarım əvvəllər inanmırdılar. Ancaq sonra kitab verdilər və saniyə tutdular. 1 dəqiqə ərzində oxuduğum sözlərin sayını hesabladılar və sonra həmin kitabdakıları danışmağımı istədilər. Mən danışdıqdan sonra həqiqətən də oxuduğuma inandılar”.
F.Zülfüqarlı qeyd edib ki, gələcəkdə hansı peşəni seçəcəyi barədə hələlik qərarsızdır: "Əvvəl hüquqşünas, sonra kompüter mühəndisi, indi isə neft sahəsi üzrə çalışmaq istəyirəm. Seçimimi etmək üçün hələ zamanım var”.
Biz onunla görüşümüzdə deyilənlərin şahidi olmaq üçün oxumadığı kitablardan birini seçərək oxumasını istədik. Fatimə 1 dəqiqədə 34 səhifə oxuyaraq sonradan hekayəni bizə nəql etdi.
Müəllimi Cəmilə Quliyeva isə "Report"a sürətli oxu proqramının Azərbaycanda icra edilməsinin tarixinin 4 illik olduğunu söyləyib: "Bu proqramın başlama və bitmə müddəti 3 ayı əhatə edir. Xüsusi göz məşqləri və texnika ilə olan proqramdır. Yay tətilindən bəri Fatimə ilə məşğul oluruq. Proqrama ilk başlayanda 1 dəqiqəyə 56 söz oxuya bilirdi və 15-20 faiz anlama var idi. Özünün oxumağa olan həvəsi bu işi daha da sürətləndirirdi. Birinci gün olmasına baxmayaraq, oxuma sürətini 56 sözdən 247 sözə qədər artırmışdı. Bir həftənin sonunda bu rəqəm 1 500-ə yaxın idi. İndi isə oxuma sürəti mətnin şriftinə və həcminə görə dəyişir. 1 dəqiqədə 25 min ortalama götürmüşdük, ancaq 48 minə qədər artım etdiyi olub. Fatimənin görmə qabiliyyəti də zəif idi. Bu proqramda olan göz məşqləri texnikaları görmə qabiliyyətini gücləndirir".
Onun sözlərinə görə, uşaq sürətli oxu proqramına cəlb edilməsi üçün ən azı 7 yaşına çatmış olmalıdır: "Sürət zəif olsa da, ən azı heç olmasa sərbəst şəkildə oxumağı bacarmalıdır. Biz sadəcə oxuya bilən uşaqların sürətini artırırıq. Heç bir yaddaşsızlıq problemi yaratmır. Bu, həm də əzbərçilik deyil. Çünki 1 dəqiqədə 48 min söz oxunursa, bu nə dərəcədə əzbərçilik yarada bilər. Son iki ildə 15-20 tələbəm olub. Minimum göstərici 25 sözdən 350-400 sözə qədər olub. Proqrama başlayanda sürətin 3 dəfə artacağına zəmanət veririk. Ancaq 3 dəfə yox 10 dəfə artım olur”.
Tədris mərkəzinin direktoru Əfsanə Fərəcullayeva vurğulayıb ki, mərkəzdə əvvəllər sürətli hesablama proqramı icra olunurdu: "4 yaşdan 14 yaşına qədər uşaqlar sərbəst şəkildə kalkulyatordan istifadə etmədən 3-4 rəqəmli ədədləri bir-birinə vura bilir. Daha çox riyaziyyat üzrə müraciətlər olur. Daha sonra sürətli oxu proqramına başlanıldı. Sürətli oxu üzrə şagirdlərin sayı az olsa da nəticə yaxşıdır”.
Qeyd edək ki, sürətli oxuma üzrə ilkin rekordu amerikalı gənc vurub. O, 1 dəqiqəyə 6 000 söz oxuya bilib. Amma ötən il həmin gəncin rekordunu Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit təkrarlayıb və hətta yeni rekorda imza atıb.
Oxşar xəbərlər
13 yaşlı yeniyetmə 11-ci sinif şagirdini öldürdü
Qazaxda 11-ci sinif şagirdi bıçaqlanaraq qətlə yetirilib. "Report"un verdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq prospektində qeydə alınıb. Rayonun D...