Aparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib. Buna zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır. Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb: 

“Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!”.


BAKU.WS criminal.az-a istinadən xəbər verir ki, Z.Bədəlova yazdığı tənqidi statusa görə artıq Xəzər TV-dən uzaqlaşdırılıb. Özünü aparıcının köməkçisi kimi təqdim edən şəxs isə açıqlama vermək istəmədi:  

“Mən məsləhət bilmirəm Zümrüd xanım sizinlə danışsın…”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mayis Ağayev aparıcı Zümrüd Bədəlovanın ittihamına cavab verib:

"Xahiş edirəm bilmədən ittiham etməyək. Əvvəlcə onu qeyd edim ki, adıçəkilən qadın bizi tənqid yox təhqir edib. Biz tənqidə açıq olmuşuq və bu belə də olacaq. Amma təhqir etmək olmaz. Həm də qeyri-etik ifadələrlə, qarğışla... Bu şəxs nəqliyyat vasitəsini Əziz Əliyev küçəsində saxlayıb hərəkətə maneə yaradıb. Təxliyə zamanı nəqliyyat vasitələri bir-bir aparılır. Hələ bir neçə avtomobili eyni anda daşımaq mümkün deyil. Digər yandan, bu qadın təkcə bir ayda 12 dəfə qayda pozub".

Xatırladaq ki, Z.Bədəlovanın tənqidi statusu ilə bağlı yazılmış bütün məqalələr artıq saytlardan sildirilib.


BAKU.WS