Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi "Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir.

7-ci Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə ustad sənətkarlar – Xalq artisti Əlibaba Məmmədov, Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova, Xalq artisti Mələkxanım Əyyubova, Xalq artisti Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

Bundan başqa, müsabiqə iştirakçılarını yeni tərkibli musiqiçi heyəti müşayiət edəcək.

Hazırda müsabiqə iştirakşılarının seçim turu davam edir. Bərdə, Gəncə, Şəki və İsmayıllıda regional dinləmələr başa çatıb. Fevralın 8-dən 11-nə qədər isə Bakıda – Beynəlxalq Muğam Mərkəzində seçim turu keçiriləcək və müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi başa çatacaq.

Xatırladaq ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

BAKU.WS