VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.

- Özünüzü necə təqdim edərdiniz?

- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə elə gəlir ki, artıq hər kəs məni Mələk Heydərova olaraq tanıyır.

- Çoxları düşünür ki, efirdə görünən bir çox aparıcılar kiminsə sayəsində, tapşırığı ilə bu yerlərə gəlib çatıb...

- İnsanlar deyir ki, bunu da edərdin efirdə, bu pilləyə də yüksələrdin, bu verilişi də apara bilərdin, bu kanala keçə bilərdin, digər kanalda da ola bilərdin. Deyirəm: "Əzizlərim, o qədər də asan deyil". Bəli, mənə də deyirlər, eşidirəm, qulağıma çatır. Bəzən deyirlər ki, bunun filankəsi var, bu, ona görə efirdədir, bunun arxasında adam var, bu, ona görə bütün günü orada-burada həm əylənir, həm gəzməyindədir, həm efirdədir, nə gözəl, xoşbəxt həyatı var.

Hətta bu yaxınlarda bir söz eşitdim. Çox qəribə gəldi. Bir il bundan əvvəl "Ailəcanlı" serialında çəkilirdim. Bir insan qayıdıb mənə dedi ki, mən elə bildim ki, kimsə sənə köməklik edib ki, sən o serialda rol almısan. Mən həqiqətən 20 saniyə şok yaşadım. Kiminsə köməkliyi ilə serialda rol almaq, bilmirəm... Ən azından mənim kitabımda yoxdur. Və bu, kiminsə də kitabında varsa da, bu, baş rol deyil.



Bizim seriallarda, filmlərdə belə hadisələr var. Bəzən kimsə kimisə tapşırır. Səmimiyyətdən söhbət gedirsə, real danışmaq lazımdırsa,  belə hadisələr var. Bu, bütün dünyada var. Bu, əvvəldə də olub, bu gün də var, sabah da olacaq. Söhbət baş roldan gedirsə, bu, qeyri-mümkündür, çünki baş rol ifaçıları serialların əsas aparıcı obrazlarıdır. Nə "tapş", nə pul bura hər hansısa aktrisanı gətirib qoya bilməz. Təsəvvür edin, o zaman hansısa istedadsız aktyor pulla, "day-day"la gəlib oturur baş rolda.

Axı o serialın, filmin uğuru olmayacaq. Qıraqdakı rollarda oynaya bilərlər. 10 saniyə görünmək seriala elə də təsir etmir. Bəli, baş rol oyunçularını məhz rejissor seçməlidir. Layihə rəhbəri, televiziya rəhbəri qərar verməlidir ki, burada kimlər oynayır və kimlər təsdiqlənir. Mənim də başıma bu hadisələr gəlib və həmişə təəccüblənmişəm. "Space"də səhər verilişi aparıram. İndi də deyirlər ki, Mələk, yəqin ki, kiminsə köməyi və dayağı ilə... Mələk bu yerə gəlmək üçün nələr çəkib, nələrdən keçib, bir bilsələr... Hər halda məndən qayıdıb üzr istəyərlər ki, sənin haqda bunu düşünmüşük.


- Vaxtı ilə ATV-dən geyim tərzinizə görə kənarlaşdırılmışdınız...

- Qanun ya hamı üçün qanundur, ya da heç kəs üçün qanun deyil. Əgər qanun hər kəsə tətbiq olunursa, qoy hər kəsə tətbiq olunsun da. Bu qanun Mələyə keçərlidir, amma digər doqquz aparıcıya keçərli deyilsə, onda üzr istəyirəm. Bəli. Mən də açıqsözlü olacağam. Mənə təsir edən bu oldu. Geyimdən söhbət gedirsə, indi mən bağlı geyinirəm, digər aparıcılar yaman açılıb-saçılıblar. Başa düşmürəm, nə baş verir. Efirlərə baxıram, həddindən artıq açıq geyimlər, bir başqa geyim tərzi... Bayram çəkilişlərində gördüm ki, mən heç həyatda elə qısa ətək geyinmirəm. Onlar o qısa ətəklə efirlərə çıxırlar.

- Son vaxtlar sizi daha çox nə narahat edir, qıcıqlandırır?

- Camaat tanınan simanın sözünə daha çox qulaq asır, fikir verir. Düşünürlər ki, bu, bu yerdə, burada müsahibə verirsə, televiziyaya çıxırsa, demək, gör bu nə qədər bilir, nə qədər bunun savadı var. Bizim məşhurlar elə özlərindən, ailə tərbiyələrində, qeyrət-namuslarından, ərlərindən danışırlar. Danışmaq olar, bu da maraqlıdır insanlara, insanlar bunu da eşitmək istəyirlər. Burada qəbahətli bir şey yoxdur, amma bunu bir az da böyüdüb dünyavi şəklə gətirsinlər. Qonşuya baxsınlar, görüm ki, qonşuda nə baş verir? Bəlkə qonşumun vəziyyəti pisdir? Bəlkə ona kömək lazımdır? Bax, mən bunu istərdim hər kəsdən.


Məni son dövrlər qıcıqlandıran bir şey var - eynilik. Həddindən artıq şouya qaçırıq. Bizim üçün yalnız mahnı oxumaqdır. Efirlər nanay-nanay olub. Yalnız konsert proqramlarıdır. Səhər, günorta, axşam, gecə. Xəbər bitir, konsert proqramına keçirlər. Heç bir maraqlı veriliş yoxdur. Maraqlı verilişlərə də yenə ifa qatırlar. Sonra deyirlər ki, insanlar bunu istəyir, buna baxırlar. Məni qıcıqlandıran verilişlərdə eyni müğənniləri görməkdir. Eyni geyimi geyinirlər, səhər verilişlərinə gedirlər, günorta başqa kanaldadadırlar, axşam eyni paltarla başqa verilişdədirlər və eyni mahnını oxuyurlar. Sonra da reytinqdən danışırlar. Mən başa düşə bilmirəm, həmin müğənninin nə boyda reytinqi var ki, bu doğrudan da bu verilişlərə reytinq verir?

Azərbaycanda da 10 milyona yaxın əhali var. Biz nə boydayıq ki, hər gün qeyri-adi müğənnilər, fərqli insanlar çıxsın. Elə barmaq sayı qədər normal müğənnimiz var. 10 dənə müğənnidən 6-sı efirə çıxmır, yerdə qalan 4-nün vaxtı olanda efirə gələr, ya da gəlməz. Qalan müğənnilər sadəcə vaxt keçirmək üçün efirə çıxırlar. Elə gedib toy aparsınlar. Söhbət sənətdən getmir. Onlar maraqlı insan tipajı deyillər ki, tamaşaçı oturub baxsın ki, hə, mən bundan nəsə götürə bilərəm.

O ondan nə götürəcək ki, heç nə. Nə geyim, nə danışıq, nə qeyri-adi, dünyavi fikirlər götürməyəcək. Efirlərdə danışıq da azalıb. Aparıcılar müğənnilərə sataşırlar, müğənnilər aparıcının cavabını verir. Bunun kadrlarını kəsirlər, 10 saniyəlik "Instagram"a yerləşdirirlər, bu da oldu reytinq. Aparıcılar əllərindən gələni edirlər. Verilişdə aləmi bir-birinə qatırlar ki, reytinq gəlsin. Xeyr, biz tamam dəyişməliyik, bu verilişlər 360 dərəcə dəyişməlidir.


İndi kimi dindirirsən, deyir ki, əşşi, Azərbaycanda televiziya, veriliş var? Düz deyirlər də, çünki eyni şeyi görməkdən bezirlər. Düzdür, baxırlar, amma söyürlər. Problem budur. Niyə televiziyada verilişdə hansısa aparıcı, ora gələn qonaqlar söyülməlidir? Qoy baxıb onlara tərif yağdırsınlar da. Yoxdur. Mən bir adamdan da televiziyalarla, verilişlərlə, aparıcı və müğənni ilə bağlı tərif eşitmirəm. Yalnız qınaqdır, söyüşdür, təhqirdir, tənqiddir. Tərifə layiq heç nə eşidilmir. Sosial şəbəkələr olsun. Şərhləri açıq buraxdın, qanın getdi.

Sənə, iştirak etdiyin verilişə deyilməyən söz qalmır. İstəyirəm ki, verilişlərimiz daha sanballı olsun. Bax, bütün məşhurlarla boykot edək. Bir çox müğənni artıq bunu edir. Filan efirdir, mən getmirəm, orada filankəs var. Düz də edirlər, çünki orada gedib biabır olacaqlar. Filankəs aparır, mən getmirəm o verilişə. Fərqi yoxdur. Kanlın öz reytinqi nə boyda olur-olsun. Həmin müğənni artıq o efirə getmir. Ona nə boyda reklam olursa-olsun, deyir ki, mən gedib orada biabır olacağam. Mənim yığdığım müəyyən bir kütlə var. Onlar istəmir ki, mən oraya gedim. Düz də edirlər.

Tanınmayan bir rəqqasəni, aktyoru, aktrisanı çıxardım, tanınmayan kimsə gəlsin... O xoruz döyüşdürən kimi onların hamısını döyüşdürürlər. Sonra da deyirlər ki, efir niyə biabırçılıqdır? Bu aparıcının nə boyda stajı var. Hamısı məndən yaşda çox-çox böyükdürlər, məndən də böyük təcrübəyə malikdirlər. Etməsinlər. Efir xoruz döyüşdürüləsi yer deyil. Bunlar hamısı xoruz döyüşdürürlər. Mən buradan valideynləri də qınayıram. Əfsuslar olsun ki, valideynlər də imkan verir ki, uşaqları buna baxsın. Sonra da deyirlər ki, bizim körpələr niyə aqressivdir? Niyə hər tində, küçədə dava-dalaş var, niyə hamı bir-birinə kobud cavab verir, çünki bizim efirlərimiz budur. Hansı kanalı açırsan kimsə bir-birini qırır. Niyə qırırsınız bir-birinizi, nəyi bölə bilmirsiniz? Bizdə hamısı qalmaqaldır. Səhərdən axşamadək hansı efiri açırsan ancaq qara-qışqırıq, kimsə kimisə qınıyır, təhqir edir, söyür. Efirlərimiz bundan ibarətdir.


Maraqlı bir fikir demək istəyirəm. Bu fikir çoxdan beynimdə fırlanır. İdmançılarımızla bağlıdır. Deyərdim ki, ancaq bizdə idmançıların bu qədər efirə həvəsi və sevgisi var. Hətta hansısa bir idmançını efirə çağırmayanda bir də görürsən ki, zəng edir ki, məni niyə çoxdandır efirə çağırmırsınız? Dəfələrlə başıma gəlmiş hadisədir. Daim şəkillər paylaşırlar, hansısa efirdə, müsahibələrində mikrofonla çəkilən şəkil bunların səhifələrində olmalıdır. Bu, mənə çox qəribə gəlir, çünki sən idmançısan və idmanla məşğul olmalısan. Sənin məşhurluğun, efirə çıxmağın karyerana, medal qazanmağına heç bir köməklik göstərmir. Əslində, efirə çıxmağın sənə mane ola bilər, çünki səni məşqlərdən yayındırır, fikrini qarışdırır.

Bir aparıcı var idi. Uzun müddət efirdə yox idi. Onun bir sözünü eşitmişdim. Deyir: "Mən niyə efirdə olmalı deyiləm?". Halbuki 20 ildir efirdədir, yazıq hələ bir-iki il də qıraqda qalıb. Efirə gəlməyə bilər də. Onun yerinə gənclər gələrdi. "Mən niyə efirdə yoxam, bu qədər stajım var?". Düşünmürlər ki, stajın olması sənin efirdə olmalısan demək deyil. Sən kadr arxası da kanala, insanlara çox faydalı ola bilərsən.


- Xarici ölkələrdə məşhur sima ilə şam etmək və ya kofe içmək üçün onlara yüksək məbləğ təklif edirlər. Mələk Heydərova onu sevən biri ilə kofe içər? 

- Bəli, xaricdə bu, var. Müəyyən məbləğ qarşılığında fanatınla, səni sevən həmin insanla oturub kofe içirsən. Amma o məbləğdən xəbəriniz var? Hardasa 200-500 min, belə... Söhbət yaxşı pullardan gedir. Azərbaycanda o məbləği desən, deyərlər ki, o məbləği sən mənə ver də, heç mən səninlə oturmaq istəmirəm. Pulu mənə ver, pulum çatmır, müəyyən işlər görməliyəm. Bizdə o yoxdur. Hətta kimsə türk aktyorunu Dubaya çağırmışdı. Müəyyən məbləğ qarşılığında şeyx türk aktyoru ilə nahar etmişdi. Bir yaxşı da qiymətə. Bizdə bilmirəm, o nə vaxtsa da olsun.
Adam kofe də içər, fanatları ilə də görüşər. Bu qədər insan "Space" kanalına gəlir, nömrə qoyurlar, Mələk xanıma deyin ki, zəng etsin. Hədiyyə göndərirlər ki, bizimlə əlaqə yaratsın, ya başqa bir şey.

Məsəl üçün, bir xanım tamaşaçı yalvarır ki, Mələk xanım üçün mənə zəng etsin, nömrəsini versin. Nömrəni verirsən. İnanın Allaha, səhər-axşam yığır adamı. Axırda bir xanıma dedim ki, ay xanım, siz məni səhər-axşam niyə yığırsınız? Bundan bezmir, efirə də canlı bağlanır. Axırda dedim ki, ay xanım, dünən axşam məni yığmışdınız. Səhər saat 8-ə qalırdı, hələ efir başlamamışdı, yenə mənə yığdı. Deyirəm ki, sən məndən nə istəyirsən, ondan sonra odur-budur xanım yığmır.


- "Instagram"da heç kimi izləmirsiniz. Bunun səbəbi bilmək olar?

- Qarşıma insanların gün ərzində paylaşdığı 10 dənə şəkil gəlməsin deyə, heç kimi izləmirəm. Qeyri-məşhur insanlar da var ki, gün ərzində saysız-hesabsız şəkillər paylaşırlar: evdə, pijamada, hamam otağında. Mənasız, dəxlisiz, heç bir mesajı olmayan şəkillərdir.  Mən bunları görmək istəmirəm. İzləmək istədiyim insanları izləmək istəyirəm. O zaman da deyirlər ki, Mələk ayrıseçkilik qoyur. Məsəl üçün, filankəsi izlədin, məni izləmədin.

- Mələk Heydərova sevgiyə inanır? 

- Sevgiyə inanırdım. Sevgi mənim üçün artıq o qədər uzaqlarda olan bir hissdir ki. O sevgidən o qədər uzaq düşmüşəm. İnsanlar hər şeydə məqsəd güdürlər. Salam verəndə belə məqsədi olur ki, buna bu gün salam verirəm ki, sabah mənə o salamı qaytarsın. Sevgi də artıq alış-veriş olub. İnsanlar bir-biri ilə münasibətlərdə alış-veriş halındadırlar. Mən sənə sevgi verəcəyəm, sən də mənə sevgi verəcəksən. Mən sənə qayğı verirəmsə, sən də buna görə qayğı verməlisən. Bir təmanna güdürlər, onun cavabını gözləyirlər. Mən kitablarda oxuduğum sevgini istəyirəm. Bir-birinin üzünü görmədən belə bir-birini yaddan çıxartmayan iki insanın o saf sevgisini istəyirəm və istəməkdə davam edirəm.

Bilirəm ki, bu heç vaxt mümkün olmayacaq, çünki təkcə mənimlə və yaxud da Azərbaycanda, dünyadakı kişilərlə bağlı problem deyil. Bu, dünyanın problemidir. Buna qulaq asan deyəcək ki, əşşi, elə oğlanlar, kişilər var da. Əzizlərim, onlar hamısı "Instagram", şəkil çəkdirib qoymaq üçündür. Bir kişi öz istədiyindən sənin üçün o hədiyyələri etmir, romantik ab-havanı, gecəni yaratmır. O bilir ki, sən onu "Instagram"a qoyacaqsan və o da deyir ki, bu, mənim üçün fəxrdir, gör mən qadınıma nə etdim. Olmayardı "Instagram", sosial şəbəkə, görüm o bu gün güllər, hədiyyələr göndərən kişilər onu edərdimi, heç kim görməsə belə. Etməzdi.


Bu kişilərin, bəylərin ani sevgisini anlamıram. Bu gün mən səni sevmişəm. Sən məni bu gün necə sevə bilərsən? Sən bu gün necə əlimdən tutub məni, hisslərimi, sənə olan hisslərimi necə hiss edə bilərsən? Mümkün deyil. Ya oynayırlar, ya da doğrudan da onlar özlərini bu cür formalaşdırıblar ki, sevgi belə olur. Bunun da günahını kişilərdə yox, qadınlarda görürəm. Artıq qadınlar o qədər əlçatan olublar ki, kişilərə, bəylərə o qədər tez "hə" cavabı verirlər ki, indi heç bir bəy səndən "yox" cavabı almaq istəmir.

Üzdən hər şey normaldır, əladır, hər şey çox nümunəvidir. Amma qıraqda o insanların həyatında baş verənləri eşidəndə insan dəhşətə gəlir. Bu yalançı həyatlardan istəmirəm ki, məndə olsun. Üzdən normal olmaq üçün mən də yalandan "sevirəm" deyərək ərə gedə bilərəm, qəşən də toy edə bilərəm, babat da pul yığaram, amma mənə lazımdırmı bu yalançı həyat? Mənə lazım deyil bu yalançı həyat. O yalançılığı sürdürmək üçün mənim nə həvəsim, nə vaxtım, nə də hövsələm var. Ona görə də istədiyim sevgini gözləyəcəyəm və o sevgini tapmamış da, yəqin ki, ailə həyatı qurmayacağam. Sevgi olmadan ailə həyatı qurulmaz.

Mələk Heydərova və BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov

- Səmimi cavablarınıza görə təşəkkür edirəm.

- Suallar maraqlı idi. Mənə elə gəlir ki, həmişə olduğu kimi yenə səmimi oldum, çalışdım bir az artıq səmimi olum. Çünki bu səmimiyyətli tamaşaçılar, izləyicilər hiss edir. Həqiqətən də maraqlı keçdi. Hüseyn, sənə təşəkkürümü bildirirəm. Burada mənim üçün xoş ab-hava yaratdın. Elə bil ki, çoxdan görmədiyim bir insanla oturub dərdləşirəm. Hər şeydən: sevgidən, televiziyadan danışdım. Məni sıxan, incidən nə varsa, hamısını danışdım. İnsanlar bunu necə qəbul edəcək, bilmirəm. Hər halda bir tərəfi qəbul etsə də, bir tərəfi qəbul etməyəcək. Bu, həmişə belə olub və belə də olacaq. Ən azından yalançı deyiləm, səmimiyəm. Düşünürəm ki, insan həmişə ürəyində, beynində olanı fikirləri söyləməlidir. Mən də bacardığım qədər suallara ürəyimdən gəldiyi kimi cavab verdim. Çox sağ ol.

Hüseyn Məmmədsalahov
BAKU.WS