SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında rejissor Nail Naiboğlunun vəfat etmiş həyat yoldaşına həsr etdiyi “Gülüm” adlı konsert proqramı baş tutub.


BAKU.WS xəbər verir ki, Aqil M.Quliyevin rejissoruluğunu etdiyi konsert əməkdar artistlər, Pantomima Teatrının aktyorları Bəhruz Vaqifoğlu və Səbinə Hacıyevanın çıxışı ilə start götürüb.


Daha sonra isə ötən gün həm də ad günün qeyd edən Nail Naiboğlu zalda əyləşən tamaşaçıları və qonaqlarını salamlayıb:

“Ürəyimdə deyiləsi çox sözüm var. Bilirəm ki, yanımdasan və məni dinləyirsən. Bundan sonrakı bütün uğurlarımı sənə həsr edəcəyəm. Hər konsert zamanı yazdığın mesajlar üçün darıxıram. Kimlərin gəlib gəlmədiyini soruşurdun, mənim yerimə əsəbləşirdin. Bu gün ilk dəfədir ki, nə məni əzizləyib yola salmadın, nə də o zənglər olmadı. Siz tamaşaçılara onun gözləri ilə baxıram. Sənin ruhun qarşısında söz verirəm ki, əmanət etdiyin iki gül balanı böyüdüb sənin arzuladığın kimi boya-başa çatdıracağam”.


Səbəbkar çıxışından sonra sözü gecənin aparıcıları Vüsalə Səid və Tural Əhmədə verib. Aparıcılar zalda əyləşənlərin arasında rejissorun övladlarının olduğunu bildirib və onları səhnəyə dəvət edib.


Konsert proqramında ilk musiqli çıxışı “Gözüm dəyməsin” mahnısı ilə xalq artisti Faiq Ağayev edib. Onun ardınca isə xalq artisti Nisə Qasımova, əməkdar artist Manana Caparidze, müğənnilər Sevda Yahyayeva, Roza Zərgərli, Məryəm Şabanova, Elnur Məmmədov, İzzət Bağırov, Murad Sadıx öz mahnılarını ifa ediblər.

İki saatdan artıq davam edən “Gülüm” konsertinin bağlanışını xalq artisti Flora Kərimova edib. O, “Tapar məni” mahnısını ifa etməmişdən öncə nitq söyləyib:

“Yaradanla mübahisə etmək mümkün deyil. Hərdən xahiş edirsən, yalvarırsan məhəl qoymur, eşitmir bəlkə də fikir vermir. Amma sonra tanrı peşman olur və yenə də incitdiyi insanın başını sığallayır. Nail, ruhu şad olsun. Bu gün sizin yaradıcılığınızın axarı yekunudur. Mənim üçün isə bu gün sizin xanımınızın anım günüdür. Bu həyatdır kimisi gəlir, kimisi gedir və ya biz kimin üçünsə ağlayırıq, gülürük”.


F.Kərimova Nail Naiboğlu haqda danışarkən ona etdiyi klip təklifini xatırlayıb:

“Nailin çox gözəl xasiyyəti var. Klipləri pulsuz çəkir. Mənə zəng edəndə şəkləndim. Dedim ki, evim yıxıldı. Görəsən nə qədər istəyəcək? Soruşdum ki, məndən nə tələb olunur? Dedi ki, heçnə. Cavab verdim ki, ola bilməz. 78 ildir yaşayıram, amma heçnə sözü eşitməmişəm. Elə uça-uça getdim. Hətta qızımı da özümlə apardım. Çox sağ olun ki, məndən qızıma yadigar verdiniz”.

BAKU.WS