Azərbaycan şou-biznesinin ən maraqlı simalarından biri olan rəqqasə Fatimə Fətəliyevanın BAKU.WS-ə müsahibəsini təqdim edirik:

-Fatiməni cazibədar edən başlıca səbəb nədir?
- Özümü çox vaxt bəyənməmişəm. İnsan gərək hər zaman özünü bəyənə. Amma mən bəyənmirəm və bu mənfi cəhətimdir. Həmişə nəyisə özümə kompleks edirəm, xoşuma gəlmir və s. Özümdə həmişə qüsur axtarıram. Əvvəllər gənc idim deyə komplekslərim daha çox olurdu. Zaman keçdikcə insan müdrikləşir, yaşa dolur və artıq o komplekslər insandan uzaqlaşır. Əslində mənə “Göyçək” ləqəbi təsadüfən qoyulmayıb. Xalq tərəfindən sözügedən ləqəbi almışam. Artıq gələn il 40 yaşım olacaq, amma hələ də həmin ləqəblə çağırılıram. Mənim səmimiyyətim ən böyük gözəlliyim və məni cazibədar edən səbəbimdir. İnsan o qədər gözəl ola bilər ki, amma süniliyi hər şeyi məhv edir. Mən gözəlliyimlə, şirinliyimlə cəlb edirəm.

- Ətrafınızdakı xanımların sizi qısqanması halı ilə qarşılaşmısınız?
- Bəli, o qədər olub ki... Mənim ətrafımda olan işçilərimdə, mənimlə əməkdaşlıq edən xanımlarda və digər ünsiyyətdə olduğum qadınlarda bu halı hiss etmişəm. Hər dəfə bu hallarla rastlaşanda həmin insanları öz ətrafımdan uzaqlaşdırıram. Əvvəl uzaqlaşdırmırdım, daha da yaxın tuturdum və başım ağrıyırdı. İndi çarəsini tapmışam. Mən insanların üz cizgilərinə baxıb kimin nə cür, nə xasiyyətdə olduğunu seçə bilirəm.

- Rəqsə və rəqqasəliyə uşaq vaxtlarından meyl etmisiz. Tibb universtitetinə daxil olub da oxumamanız və rəqqasə kimi işləyib pul qazanmanız maddi imkansızlıqdan irəli gəlirdi?
- Rəqsə uşaq vaxtlarından başlamışam. Ziyalı ailədə böyümüşəm. Əvvəllər qız uşağının rəqsə getməsinə pis baxırdılar. Valideynlərim musiqi duyumumun olması üçün məni rəqsə yazdırdılar. Günlərin bir günü xalq artistimiz Ceyran Haşımovanın övladının toyunda iştirak edirdik. O toya Aliyə Ramazanova dəvət olundu. Aliyə xanımın “Sarı gəlin”i süzməsi hər kəsin xoşuna gəldi. Valideynlərim də bunu bəyənərək məni Aliyə xanımın yanına qoydular. İmkansızlıq üzündən aktiv olaraq rəqqasəliyə və şərq rəqsləri oynamağa başladım.
- Bir müddət əvvəl hicabda fotolarınız yayılmışdı. Fatiməni nə zamansa qapalı geyimdə görəcəyik?
- Bir müsəlman kimi Məşhəd ziyarətinə getmişdim və orada başımı bağlamışdım. Qızımla birlikdə 2 dəfə ziyarətə getmişik. Şəkili orada çəkdirib Bakıda sosial şəbəkədə paylaşdım. Bundan sonra həmin foto böyük bir ajiotaj yaratdı. Əhd eləmişdim ki, ziyarətdən qayıdandan sonra başımı 40 gün açmayacam. Bəlkə də nə zamansa hicaba keçəcəm, bəlkə də yox. Heç vaxt heç vaxt demirəm. Qismət olarsa, niyə də olmasın?

- Hazırkı dövrdə avtomobildən idarə edən xanımların sayı heç də az deyil. Həyat yoldaşınız da sizə bu yaxınlarda 100 minlik maşın hədiyyə etdi. Yol hərəkəti qaydalarına əmək edirsinizmi?
- 2006-ci ildən avtomobil idarə edirəm. Lakin heç bir texniki işlərindən başım çıxmır. Sabah bir problem yaranarsa, mən yolda qalacam. Bir dəfə də maşınım yanıb. Sürməyimə gəlincə isə, mənə “Avtoş Fatoş” deyirlər. (gülür) Çox yaxşı və rahat sürürəm. 4 maşınım olub və heç birini vurmamışam. Polislər də “Avtoş Fatoş”la dostdurlar. Sizin vasitənizlə polislərə də minnətdarlıq edirəm ki, küçələrdə, yollarda hərəkəti, təhlükəsizliyi tənzimləyirlər. Əvvəl təhlükəsizlik kəmərindən istifadə etmirdim, amma son zamanlar edirəm. Əvvəllər qırmızı işığı tez-tez keçirdim, amma artıq onu da keçmirəm. Mən də polislərimizə hörmətsizlik etməmək üçün bunlara son qoymuşam. Özü də yoldaşımın hədiyyə etdiyi maşın 100 minlik deyil.

- Yetəri qədər şarmlı xanımsız. Gözəllik salonunuz olduğu üçün buna o qədər xərciniz çıxmaz. Bəs digər vasitələrə çox pul xərcləyirsiniz?
- Əvvəllər çox pul xərcləyirdim. Həm gündəlik geyimə, həm də ziyafətlər və s üçün lap çox xərcim çıxırdı. Hal-hazırda isə elə bir zamandayıq ki, onlara pul xərcləmirəm. Çünki hamının reklama ehtiyacı var. Əvvəl mən adıma görə çalışırdımsa, indi adım mənim üçün çalışır. İndi barterlə işləyirəm. Alan razı, verən razı. (gülür). Amma belə 1500-2000 manata paltar tikdirdiyim zamanlar olub. Ən çox sport geyimi sevirəm.

- Həyat yoldaşınızla aranız necədir?
- Artıq 11 ildir həyatımdadır. Çoxlarının arzusunda olduğu kişidir. İnsan olaraq çox yaxşı biridir. Onunla həm dostuq, həm ailə. Hər zaman yanımdadır, dayaqdır. O, mənim Aydanımı öz qızı kimi qəbul edəndən sonra böyük sevgi və rəğbətimi qazandı.

- Aranızda tez-tez konfliktlər olur? Kim barışır?
- Hə, olur. Hərdən elə olur ki, mən barışıram. Bu yaxınlarda elə bir səhvi olmuşdu ki, məndən üzr istədi. Üzrü quru-quru istəmir təbii ki... (gülür)

- Müğənnidən dost olmaz deyiblər. Siz necə düşünürsüz?
- Bu sual mənə çətindir. Əslində düzdür. Çox yaxınlıq eləmək lazım deyil. Müəyyən məsafələr lazımdır. Məsələn, tanınmış müğənnimiz Xatunun qardaşı mənim studiyamda çalışır. Bunun sayəsində tez-tez görüşürük. Görürük ki, xasiyyətimiz uyur. İkimiz də güclü qadınıq və mən güclü qadınları sevirəm.
- Xuraman Şuşalı deyir ki, Fatimə nədənsə ondan küsüb. Səbəbini də bilmir. Bilmək istəyir...
- Mətanət İsgəndərlinin qızının xınası mənə həvalə olunmuşdu. Dekorundan tutmuş hər şeyi mənə verilmişdi. Xuraman Şuşalı da qonaq qismində dəvət olunmuşdu. Mən onu görəndə qarşılayıb “xoş gəldin” dedim. Baxmayaraq ki, Natavan Həbibinin xınayaxdısı olanda Natavan məndən xahiş eləmişdi ki, mən də bir neçə kəlmə söz deyim. Həmin məclisi də Xuraman Şuşalı aparırdı. Elə bir neçə kəlmə söz demək istəyirdim ki, Xuraman mənim sözümü kəsdi. Biz əziyyət çəkib nələrisə hazırlayırıqsa, istəmərəm ki, kimsə mənim zəhmətimin üzərindən xətt çəksin. Kiminsə fikrini götürüb özünküləşdirmək oğurluqdur. Xuraman Şuşalı da bunu etmişdi. Paxıllıq heç kimə xeyir gətirməyəcək. Mənim ona küsməyimin səbəbi paxıllıq deyildi. Xuraman açıqlamasında demişdi ki, Fatimə yəqin ki, mənim xına apardığım üçün küsüb. Xeyr, mənim ideyamın eynisinin onda gördükdən sonra əsəbiləşdim ki, niyə mənim fikrimi kimsə oğurlasın?!

- Hər bir sahədə əzəli rəqiblər olduğu kimi sizin sahədə də əzəli rəqibiniz var...
- Kimdir ki?

- Oksana Rəsulova.
- Mən onu özümə rəqib görmürəm. Bilirsiniz niyə görmürəm? Oksana və Fatimənin işlərini tərəziyə qoyduqda hər şey aydın olur. İllərlə Muğam teatrında rəqs amsamblının solisti olmuşam, dəfələrlə cənab Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın qarşısında çıxış etmişəm, dövlət tədbirlərində iştirak etmişəm. 5 il daxili qoşunlarda canımı qoyub rəqs etmişəm və s. Bizi bir tərəziyə qoyulmamamızın ən böyük səbəbi mən hind rəqsi oynamıram. Mən ancaq hind rəqqasəsi olsaydım, onda rəqib olardıq. Mənim yoldaşım hind rəqsi oynamağa icazə vermir. Ailəmdə problemlər var və qızım 22 yaşındadır və özünüz də bilirsiz ki, hind rəqslərində loru dildə desək, “dingildəmək” lazımdır. Buna görə də oynamıram.

- O zaman Oksana ilə aranızdakı aysberq hələ də əriməyib.
- Bir xanım kimi onu çox bəyənirəm. Çox istedadlıdır. Bu yaxında onun “Mələyin öpüşü” filmi yayımlandı. Düzdür, məni dəvət etməmişdi, amma mən pulu ilə bilet alıb getdim. Kinonu şəxsən çox bəyəndim. Ssenari baxımdan mənə bəzi şeylər yarımçıq gəldi, bəlkə də daha yaxşı eləmək olardı. Amma aktyor və aktrisa baxımdan hər şey çox gözəl idi. Uğurlar arzu edirəm.

- Aydana görə Rəqqasə Fatimənin qızı olmaq çətin deyil?
- Çətindir. Bəlkə də şou-biznesdə Aydan kimi ağıllı övladı olan azdır. Bunu özləri də bilir. İncəsənət aləmində belə övlad böyütmək çətindir. Demirəm ki, digər məşhurların övladları narahatdı. Ümumi olaraq, yəni ki.

- Şəxsi gözəllik salonunuz və studiyanız var. Gözəllik salonunuzun bütün xidmətlərindən istifadə edirsinizmi?
- Demək olar ki, hə. Vizajistim deyir ki, başqası bu qədər makiyaj etsəydi, dərisi çoxdan korlanardı. Amma mənim tez-tez kosmetoloqa getməyə heç vaxtım yoxdur. 38 yaşım var. İstər-istəməz yorğunluqdan üz cizgilərimdə problemlər yaranır. Xanımlar belə şeylərə diqqət yetirməlidirlər. Sadəcə olaraq tez-tez maskalardan istifadə edirəm.

Niyam Şirinov
BAKU.WS