SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Gənclər və idman naziri Azad Rəhimovun Bakıda Avropa Oyunlarının açılışında oxuyan Lady Gagaya 1 milyon dollardan artıq qonorar ödənilməsinə dair açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
 
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, bu, həm də yerli ifaçıların qonorar məsələsini gündəmə gətirib. 

Azərbaycanda əcnəbi ölkələrə tez-tez də olmasa, vaxtaşırı konsert səfərinə yollanan ifaçılar az deyil. Bəs onların bu çıxışlardan əldə etdiyi gəlir nə qədərdir?
 
Xalq artisti Azərin bildirir ki, Azərbaycanın daxilində müğənnilərin konsert fəaliyyəti yoxdur: 

"Hər ikinci müğənnidən soruşsanız, deyəcək ki, mən konsertdən heç nə qazanmıram. Halbuki, o konserti keçirmək üçün cibimdən pul qoyuram. Bu olmadığı təqdirdə hansı qonorardan danışa bilərik? Ancaq toyla dolanır müğənnilər. Restoran, toy”.  
 
Xalq artisti hesab edir ki, qonorarın məbləği ifaçının şəxsi işidir və hər hansı tədbirdən əldə edilən gəlirin açıqlanması tamamilə yanlışdır: 

"Mən heç zaman, heç bir yerdə açıqlamamışam ki, mən hara getdim nə qədər pul aldım, nə qədər qazancım oldu. Hər müğənninin özünə görə qiyməti var. Mən düşünürəm ki, bu, düzgün deyil. Kimsə çıxıb deyir ki, konsertdə mənə filan qədər pul verdilər, ona da pis baxıram”.
 
Xalq musiqisi ifaçılarına təklif olunan qonorarın məbləği o qədər böyük deyil. Lakin onlar əcnəbi ölkələrə tez-tez səfər etdiklərindən məbləğ onları qane edir. Xalq artisti Alim Qasımov deyir ki, səfərlərdə onlar müəyyən miqdarda qonorar alırlar: "Dünyada folklor musiqisinə çox çətindir ki, yüksək "summa” qoyulsun. Bu, yoxdur. Qonorar verirlər, amma 1 milyon, 100 min deyil. 6 nəfərə 3-4 min pul verirlər”.
 
Xalq artistinin qızı Fərqanə Qasımova da xarici ölkələrdə çıxışı zamanı aldığı qonorarın miqdarını açıqlamaqdan imtina edib: 

"Min bərəkət. Fakt odur ki, biz çörəyimizi xaricdəki çıxışlarımızla qazanırıq. Konsert veririk və qonorar alırıq. Çalışmaq lazımdır ki, büdcəyə uyğun yaşayasan”.
 
Əməkdar artist Tünzalə Ağayeva "prodakşn sistemi”nin olmamasına diqqət çəkib: 

"Azərbaycan artisti milyon dollara satıla bilməz. Çünki onun dünya bazarı yoxdur. Onun bazarı balacadır. Ya Azərbaycandır, ya da uzaqbaşı Türkiyə, Rusiya, Gürcüstan, Orta Asiya ola bilər ki, bunlar hələ hədəf götürülməyib. Potensialımız var amma sistem yoxdur. Mən rəqəm açıqlamayacağam. Çünki kommersiya sirri deyilən bir şey var. Heç bir prodakşn rəqəmlərini ortaya tökməz”.
 
Klassik ifaçılarımızdan Samir Cəfərov da vaxtaşırı xarici səfərlərə gedir: "Xüsusi qonorar var klassik ifaçılarda. Konkret rəqəmlər olur və bu rəqəmlər bizi qane edir.  Azərbaycanda klassikaya çox da dəyər verilmir. İstədiyim qonorarı ödəyirlər və mənə yetərlidir”.
 
Növrəsli qardaşları da tez-tez əcnəbi ölkələrdə çıxış edir. Tar ifaçısı Arslan Növrəsli hesab edir ki, sənətkar ilk növbədə özünə dəyər verməlidir. 

O ki, qaldı sırf onun çıxışlarına, qonorarın məbləği çıxışın formatından asılıdır. Konsertin harada və hansı təşkilat tərəfindən keçirilməsi də mühüm məqamdır: 

"Əgər sənin adın brenddirsə, əlbəttə ki, səni istəyirlər və sən öz qonorarını deyə bilirsən. Biri var məni konsertə dəvət edirlər bir ifa üçün, onun qonorarı başqadır, biri də var, solo konsert. Məsələn, Royal Albert Hall da konsert veririksə, 15 min də ola bilər, 20 min də”.
 
Şahin Növrəslinin ABŞ-da şirkətlərin biri ilə müqaviləsi var. Odur ki, məbləğ onlar tərəfindən müəyyən olunur. Nurlan Növrəsli isə qonorarını özü müəyyən edir. Hər iki ifaçının bir konsert üçün tələbi təxminən 20 min ABŞ dollarıdır.