“İlhamə Quliyeva məndən rəhbərliyə şikayət etdi” – 9 il sonra efirə qayıdan Aydan (MÜSAHİBƏ)

“İlhamə Quliyeva məndən rəhbərliyə şikayət etdi” – 9 il sonra efirə qayıdan Aydan (MÜSAHİBƏ)
Şou-biznes 20153
BAKU.WS-in budəfəki müsahibi vaxtı ikən ATV-də “Sürpriz”, “Şeyker”, Xəzər TV-də isə “Musiqi qutusu” verilişlərinin aparıcısı kimi məşhurlaşan Aydan Axundovadır. O, bu mövsümdən yenidən efirə qayıdıb və Xəzər TV-də “Qadın gülərsə” verilişini təqdim edir.Aydan Axundovanın saytımıza verdiyi özəl müsahibəni təqdim edirik: - 9 ildən sonra yenidən efirə qayıtdınız və hazırda Xəzər TV-də “Qadın gülərsə” verilişinə aparıcılıq edirsiniz. Necə oldu ki, məhz bu təklifə müsbət cavab verdiniz?-Ümumiyyətlə, ikinci dəfədir ki, efirə sinif yoldaşım, rəfiqəm Çiçəyin səyi ilə qayıdıram. İlk dəfə 2003-cü ildə ATV-də işə başlamışam. 2006-cı ildə televiziyadan uzaqlaşmışdım və qayıtmaq fikrim də yox idi. Çiçək məni ilk dəfə 2008-ci ildə “Xəzər”-ə qaytardı. O, mənə zəng vurub dedi ki, “Xəzər”də aparıcıya ehtiyac var və çox istərdim ki, sən gələsən. Həftə içi hər gün saat 15:00-16:00 arası “Musiqi qutusu” verilişini aparırdım. Bu dəfə də, 9 ildən sonra məhz o dedi ki, verilişə aparıcı lazımdır. Çiçək dostluğa sadiq biridir. O, heç vaxt köhnə dostlarını, uşaqlığını unutmur və fürsət düşdükcə dost-tanışına dəstək olmağa çalışır.
-Televiziyasız keçən 9 il ərzində nələr baş verdi?-Çox şey dəyişdi. O vaxt “Xəzər”dən gedəndə tanınmış brend mağazalarının birində direktor vəzifəsini icra etməyə başladım. Özüm geyinib-keçinməyi çox sevirəm və o iş də ürəyimcə idi. “Qadın gülərsə”ni aparmağa isə ona görə razılaşdım ki, çəkiliş həftədə cəmi 1 dəfə olur, bu da mənə uyğundur, çünki başqa işdə də çalışıram. Səmimi deyəcəyəm, efir üçün çox darıxmamışam, bu, bir maraqdır. -İlk apardığınız verilişi xatırlayırsınız?-Bəli, heç vaxt unuda bilmərəm. Ümumiyyətlə, ATV mənim üçün məktəb olub. Orada təcrübə, yaxşı dostlar qazandım. İndiki ATV heç vaxt o vaxtkı ATV-nin yerini verə bilməz. İlk apardığım veriliş “Sürpriz” idi. Layihənin formatını türklərdən götürmüşdük, o vaxt o cür verilişlər yox idi. Dəyərli sənətkarlarımızla bir günümü keçirirdim. Onların ailəsi ilə tanış olurduq, bəzən də rayonlara gedirdik. Tamaşaçılar tərəfindən çox sevilən proqram idi.
-2 il əvvəl müsahibənizdə qeyd etmişdiniz ki, ATV-də sizə müəllimlik edən aparıcı Yusif Ağayevlə sonradan münasibətiniz korlanmışdı. Barışmağa cəhd etməmisiniz?-Yusif Ağayevin xasiyyəti bir az qəribədir. Məni həddindən artıq çox istəyirdi və birdən-birə dəyişdi. Pis olmuşdum. Soruşdum ki, nə baş verib, heç nə demədi. -Vaxtı ikən televiziyadan da bezib getmişdiniz, indi isə geyim mağazasının direktoru vəzifəsindən getdiniz. Belə çıxır ki, hər şeydən tez bezirsiniz?-Primitivlik məni bezdirir. Hər gün eyni şey məni depressiyaya sala bilər. Geyim mağazasında işləmək mənə çox maraqlı gəlirdi: xarici ölkələrdə geyim seçirdim, işçiləri işə qəbul edirdim, tez-tez yeni filiallarımızın açılışını təşkil edirdim. Amma hər gün bəzənib, geyinib efirə çıxmaq adamı bezdirir.
- Bir çoxları soyunurlar ki, yadda qalsınlar, unudulmasınlar. Siz isə bu cür şeylərə getmədən də unudulmadınız...-Bunu təzə-təzə başa düşməyə başlamışam. Hər kəs mənə deyir ki, sən hər zaman mədəniyyətini, hörmətini qorumusan, ona görə səni hamımız çox istəyirik. İstəmərəm ki, adım nə vaxtsa qalmaqallarda hallansın. Bəzi aparıcı dostlarım da var ki, qalmaqalla gündəmdə qalmaq istəyirlər. Bunu başa düşə bilmirəm. Məncə, insan insaniyyəti ilə daha çox şeyə nail ola bilər. Səsim də fərqlidir. Simam illərlə dəyişsə də, səsim dəyişmir. Heç vaxt efirimdə heç kimi pərt etməmişəm, reytinqə görə alçaltmamışam. Ona görə də hər kəsin mənə olan münasibəti yaxşıdır və hörmət saxlayırlar. - Sizin kimi gözəl xanımın ürəyini bu günə qədər fəth edən olmayıb?-Niyə olmayıb ki, olub. Şəxsi həyatım haqqında danışmağı sevmirəm. İndiki qızları başa düşmürəm. Biri ilə ayrılan kimi başqası ilə münasibət qururlar. Mən, ümumiyyətlə, bir insana çox gec öyrəşirəm, gec unuduram, çox vəfalıyam.
- Kimə və nəyə gülürsünüz?-Savadsız, görməmiş insanlara həddindən artıq çox gülürəm. Efirlərdə savadsızlıq baş alıb gedir. Xanım aparıcılarımız gündəlik efirlərdə qadınlara yaraşmayan şəkildə oynayırlar, yerə yıxılırlar. Bunları görəndə çox təəssüflənirəm. Baxırsan, illərin aparıcısıdır, amma reytinq xətrinə elə oyunlardan çıxır... İndiki dövrdə tamaşaçını aldatmaq mümkün deyil. - Səyahəti sevirsiniz?-Bəli, gəzməyi çox sevirəm. Pulu olub, amma səyahət etməyən insanlara qəribə baxıram. Mənim bir az pulum olan kimi müxtəlif ölkələrə gedirəm. Hər yerin mədəniyyəti ilə tanış olmaq yaxşıdır. Avropa ölkələrini xüsusi ilə bəyənirəm. Anamla bərabər gəzməyi çox sevirəm. Ən çox sevdiyim şəhər Barselona, heç sevmədiyim şəhər isə Parisdir. Mənim üçün “sevgi şəhəri” Paris yox, Venetsiyadır.
- Seriallara, filmlərə çəkilmək üçün dəvət alırsınız?-Elə bu gün almışam, amma razılıq vermədim. Rəfiqəm aktrisadır. Görürəm ki, gecəsi-gündüzü yoxdur, hər gün çəkilişdədir. Bu, mənə uyğun deyil. Bəzən qızlar məndən xahiş edirlər ki, bizə kömək et, hansısa telekanalda aparıcılıq edək. Heç onları başa düşmürəm. Düzdür, mən də uşaqlıqda aparıcı olmaq arzusunda idim və ilk dəfə ATV-yə gələndə 20 yaşım var idi...- Bir müddət ATV-də radioda da çalışmısınız...-Bəli, aparıcı Cavid Güllə 106 FM-də “Love story” verilişini aparırdım. Bir efiri heç vaxt unutmuram. Deməli, hər gün bir mövzu qoyurduq və tamaşaçılar efirə zəng edirdilər. Bir dəfə Cavidin yanına dostu gəlmişdi. Cavid efir otağından çıxanda mənə dedi ki, danışıb qurtarandan sonra bu düyməni yuxarıya qaldırarsan, efirə mahnı gedəcək. Mənim isə radio pultundan o qədər də yaxşı başım çıxmırdı. Danışdım, amma pultdan düzgün istifadə edə bilmədiyimə görə hər şeyi korladım. Cavidi çağırdığım anda ona dediklərimin hamısı efirə getdi. Bundan yalnız anam mənə zəng edəndə xəbər tutdum.
BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və aparıcı Aydan Axundova

Bir dəfə isə “Sürpriz” verilişini çəkəndə kiçik problem yaşanmışdı. Mərhum xalq artisti İlhamə Quliyevaya zəng etdim ki, sizi verilişə çəkmək istəyirəm, dedi ki, gəl çək. Çəkiliş günü ona zəng etdim, dedi ki, mən gəlmirəm, özümü yaxşı hiss etmirəm, qalsın sonraya. Mən isə artıq salonda bəzənmişəm, geyinmişəm, çəkilişi təşkil etmişəm. Götürdüm zəng etdim dəyərli sənətkarımız Flora Kərimovaya. İzah etdim ki, verilişi təhvil verməliyəm, amma heç kimi çəkə bilməmişəm və vaxtım azdır. Sağ olsun, məni pis vəziyyətdə qoymadı. Çox gözəl də veriliş alındı. Veriliş efirə gedəndən sonra ATV-nin həmin dövrdəki vitse-prezidenti məni yanına çağırdı. Gəldim şirkətə, dəhlizdə bütün işçilər mənimlə sağollaşmağa başladı. Dedilər ki, İlhamə Quliyeva gəlib, vitse-prezidentin kabinetindədir. Qapını döydüm, girdim içəri. İ. Quliyeva məni görən kimi dedi ki, burada ya sən qalacaqsan, ya da mən. Vitse-prezidentimiz isə heç vaxt işçilərini başqasının ayağına verən biri deyildi. Öz aramızda himcimlə bir-birimizi başa düşdük, İ. Quliyevanı hörmət-izzətlə yola saldıq. O hadisədən 1 ay sonra isə İ. Quliyevanı da “Sürprizə” çəkdik. - Hələlik oxucularımıza deyəcəkləriniz... - “Efir dəlisi” olmasam da, səni tanıyan insanlarla, təbəssümləri ilə qarşılaşmaq mənim üçün çox xoşdur. Təşəkkür edirəm. Hüseyn MəmmədsalahovBAKU.WSMəkan: Kitchenette Baku

Son xəbərlər