Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib

Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib
Foto
Promo 1273

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 19-da Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirib.

Belə ki, Bakının 20 çimərliyində keçirilən aksiyanın əsas təşkilatçıları “Coca-Cola”, “ASAN xidmət”, PASHA Bank, Bakcell, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Carlsberg” və “AzEcol” şirkətləridir. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında isə “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN Radio, AFFA, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.

Ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşmanı təbliğ etmək məqsədilə Azərbaycanda artıq 10 ildir keçirilən aksiya çərçivəsində bu il Bilgəh, Novxanı, Mərdəkan, Pirşağı, Şıxov, Hövsan, Sumqayıt ərazisində olan çimərliklər tullantılardan təmizlənib. Ölkədə ətraf mühit məsələlərinə artan diqqət və marağdan dolayı hər il bu ekoloji aksiya genişlənir, böyük sayda könüllülər, qurumlar və şirkət əməkdaşları, onların ailə üzvləri tədbirə qoşulublar.

Pandemiyaya görə aksiya bir qədər fərqli formatda keçirilsə də, hədəfinə çatıb. Belə ki, əvvəlki illərdən fərqli olaraq sosial məsafə qaydasına riayət etmək məqsədilə bu dəfə aksiya 10 nəfərdən ibarət bir neçə qrup tərəfindən xüsusi ayrılmış sektorlar üzrə həyata keçirilib. Aksiyada iştirak edənlər əraziləri 5 min ton həcmində tullantıdan təmizləyib. Tədbirdə toplanan tullantılar təkrar emala və utilizasiyaya yönləndirilib.

Aksiyada həmçinin, sosial media fəalları – Tahel Yüzbəyov, Əlixan Rəcəbov və Günel Fərhadlı da iştirak edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq bütün aksiya iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunublar və sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınıb. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar.

Qeyd edək ki, son 30 il müdətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabrın üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Son xəbərlər