SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 18-də "Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutmuşdur.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səfər çərçivəsində Rusiya nümayəndə heyəti həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyevlə görüş keçirmişdir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə "Azəraeronaviqasiya" HHİ-nin və Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalamışdırlar.

Görüşdə tərəflər son illərdə hava daşımalarının həcminin artdığını və buna görə təhlükəsiz və keyfiyyətli hava naviqasiyası xidmətlərinin göstərilməsinin iki təşkilatın əməkdaşlığında vacib istiqamət olduğunu qeyd etmişdirlər.

Memorandumun imzalanması gələcəkdə hava hərəkətinin idarə edilməsi problemlərinin həlli üçün müasir texnologiyaların hazırlanması və tətbiqində milli aeronaviqasiya xidmətləri təchizatçılarının birgə fəaliyyətinə töhfə verəcəkdir.

“Bu memorandum hava gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və hava naviqasiyası sisteminin keyfiyyətinin artırılması sahəsində qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu, həmçinin hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələblərin çevik şəkildə tətbiq edilməsinə imkan verəcək", – Fərhan Quliyev qeyd etmişdir.

Qeyd edək ki, qonşu dövlətlərlə sıx əməkdaşlıq və təcrübə mübadiləsi "Azəraeronaviqasiya" HHİ-nin strateji hədəfi – dünya hava naviqasiya sisteminə uyğunlaşması və davamlı texniki və texnoloji inkişaf yolu ilə inteqrasiya olmasında mühüm rol oynayır.

“Biz azərbaycanlı həmkarlarımızla əməkdaşlığın genişlənməsini alqışlayırıq. Belə yanaşma bizə yaxın gələcəkdə artan hava hərəkəti fonunda ortaya çıxan qlobal və lokal problemləri birgə və səmərəli şəkildə həll etməyə imkan verəcək", – İqor Moiseyenko qeyd etmişdir.

“Azəraeronaviqasiya” HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

"Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM Rusiya Federasiyası Hökumətinin fərmanı əsasında mülki aviasiya uçuşlarının təhlükəsizliyinin və müntəzəmliliyinin təmin edilməsi, hava nəqliyyatının təşkilində vahid iqtisadi sistemin formalaşdırılması məqsədi ilə yaradılmışdır.

BAKU.WS