SİZİN REKLAM BURADA!
055 213 76 73


Brüsseldə Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (“Eurocontrol”) və Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatının (CANSO) üzvləri arasında görüş keçirilmişdir. Tədbirdə Azərbaycanı “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev təmsil etmişdir.

İşgüzar səfər çərçivəsində Fərhan Quliyev həmçinin “Eurocontrol”-un baş direktoru İmon Brennan (Eamonn Brennan) ilə görüşmüşdür. Görüş zamanı hava hərəkətinin təşkili və Azərbaycan ərazisindən keçən tranzit hava axınlarının planlaşdırılması sahəsində əsas məsələlər, həmçinin ölkəmizin “Eurocontrol”-un strateji tərəfdaşı kimi rolu müzakirə olunmuşdur.

Həmçinin regionda gözlənilməz hallar baş verdiyi təqdirdə hava hərəkətinin və zəruri tədbirlərin planlaşdırılması məsələləri müzakirə olunmuşdur.

İmon Brennan Azərbaycanın mülki aviasiya sahəsində əldə edilmiş nailiyyətlərini yüksək qiymətləndirmiş  və qeyd etmişdir ki, strateji coğrafi mövqeyi və qabaqcıl hava naviqasiyası sistemi Azərbaycanı əməkdaşlıq üçün cəlbedici edir və Avropa ilə Asiya arasında tranzit reyslərin sayının artmasını təmin edir. Həmçinin o qeyd etmişdir ki, Azərbaycan Avropa ilə Asiya arasındakı hava axınlarının əsas dəhlizidir.

Danışıqlar nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “ASEC” mərkəzinin hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə uçuşların planlaşdırılması və proqnozlaşdırılmasında qarşılıqlı əməkdaşlıq üçün istifadəsinə dair saziş imzalanmışdır. Sənəd AZANS-ın direktoru Fərhan Quliyev və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin direktoru Yakopo Prissionotti (Iacopo Prissinotti) tərəfindən imzalanmışdır.

Beləliklə, Azərbaycan “Eurocontrol”-un yüksək etimadını qazanmaq ilə yanaşı, tranzit uçuşların planlaşdırılmasında tərəfdaş və böhran zamanı Dəstək mərkəzi kimi tanınmışdır.

AZANS –  “Azərbaycan Hava Yolları”nın hava hərəkətinin idarəsi üzrə struktur bölməsi olub, başlıca vəzifələrinə Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi, həmçinin ölkə ərazisi üzərində hərəkətin əlaqələndirilməsi və xidməti funksiyası daxildir.

“Eurocontrol” – əsası 1960-cı ildə qoyulmuş Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı olub, əsas məqsədi ümumi Avropa hava nəqliyyatı idarəetmə sisteminin işlənib hazırlanmasıdır. Təşkilat vahid Avropa hava nəqliyyatının idarəetmə sistemini yaratmaq niyyətindədir. "Eurocontrol" 41 üzv dövlətdən ibarətdir.
BAKU.WS
QALEREYA