VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


26-28 aprel tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq 2019 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları bəlli olub.

Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, 27-28 aprel tarixlərində trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar, 26-27-28 aprel tarixlərində isə 28 May, Sahil və İçərişəhər metro stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək. Digər metro stansiyaları normal iş rejimindən əlavə saatlarda yalnız çıxış üçün açıq olacaq.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər.

Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Ə.Cavad küçəsi – Azərbaycan prospekti – Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi – Tbilisi prospekti – 20 Yanvar küçəsi – A.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsi.

Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır:

N.Nərimanov metro stansiyası – 28 May metro stansiyası (Salatın Əsgərova küçəsi) – 28 May metro stansiyası (Cəfər Cabbarlı küçəsi) – 28 May küçəsi (Səməd Vurğun bağı) – Nizami küçəsi və R.Behbudov küçəsi (Rəşid Behbudov adına Mahnı Teatrının yanı).
Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək:

20-ci sahə – Bakı Su İdmanı Sarayı – Milli Bayraq Meydanı – Inturist oteli ilə üzbəüz dayanacaq (Bulvar tərəf saat 17:00-a qədər).
Bu avtobus 6 dəqiqəlik intervalla hərəkət edəcək.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və həmçinin piyadalar trekin müəyyən yerlərində qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Qeyd edək ki, aprelin 24-dən 29-a qədər dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 25-i, saat 12:00-dan etibarən yarış günlərində yalnız 4 günlük bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona 26-27-28 aprel tarixlərində, saat 10:00-dan etibarən açıq olacaq.

Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar mərkəzindən istifadə edə biləcəklər.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

BAKU.WS