İtaliyanın ilk beynəlxalq xidmət provayderi və dünyanın aparıcı operatorlarından biri olan Sparkle şirkəti ilə Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatoru AzerTelecom şirkəti arasında Azərbaycan vasitəsilə Avropa və Asiyanı birləşdirən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədini daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

2020-ci ildə “Global Strategic Infrastructure Leadership Forum”-u çərçivəsində Asiyanın ən yaxşı beş strateji infrastruktur layihəsindən biri seçilən “Rəqəmsal İpək Yolu” layihəsi NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom şirkəti tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkəni regionun rəqəmsal mərkəzinə çevirməkdir.

“Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbiri zamanı imzalanmış sənəd çərçivəsində tərəflər yeni biznes imkanlarını qiymətləndirmək, Mərkəzi Asiya ilə Avropa arasında yeni iki tərəfi ötürmə qabiliyyətli dəhlizin birgə yaradılması və idarəedilməsi imkanlarını araşdırmaq, eləcə də Sparkle şirkətinin Türkiyədən İtaliyaya və bütün əsas Avropa mərkəzlərinə qədər uzanan mövcud magistral infrastrukturundan istifadə barədə razılığa gəliblər.

“Rəqəmsal İpək Yolu layihəsi telekommunikasiya sahəsində regional əməkdaşlıq üçün yeni imkanlar açır. Layihə Avropa və Asiya arasında ən qısa olacaq yeni rəqəmsal marşrut yaratmağa imkan verir. İnanırıq ki, yeni marşruta böyük maraq göstərən Sparkle şirkəti ilə əməkdaşlığımız şirkətlərimiz üçün faydalı olacaq və regionda rəqəmsallaşmanın sürətləndirilməsinə kömək edəcək”, - deyə AzerTelecom şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev bildirib.

“Operatorlar arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi sənaye kontekstində biz qlobal rəqəmsal rabitədə dayanıqlılıq və təhlükəsizliyə artan ehtiyaca cavab verərək performansı yaxşılaşdırmaqla yanaşı, mövcud olan marşrutlara şaxələndirmə əlavə edən Avropa və Asiya arasında bu yeni marşrutda AzerTelecom ilə “Rəqəmsal İpək Yolu” layihəsinə qoşulmaqdan çox məmnunuq”, – deyə Sparkle şirkətinin Baş icraçı direktoru Elisabetta Romano bildirib.

AzerTelecom haqqında:

NEQSOL Holding-in tərkibinə daxil olan AzerTelecom Azərbaycanı qlobal internetə birləşdirən aparıcı topdansatış telekommunikasiya operatorudur. NEQSOL Holdinq səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. AzerTelecom haqqında daha ətraflı məlumatı şirkətin Twitter and LinkedIn-də profillərini izləməklə və ya www.azertelecom.az saytına daxil olmaqla əldə etmək olar.

Sparkle haqqında:

Sparkle Avropadan Afrikaya, Amerika və Asiyaya qədər uzanan 600.000 km-dən çox fiber-optik kabeldən ibarət magistrala malik İtaliyanın ilk beynəlxalq xidmət təminatçısı və dünyanın aparıcı şirkətlərindən biri olan bütövlüklə TIM Group-a məxsus qlobal operatordur.

Qlobal IP, məlumat, bulud texnologiyaları, məlumat mərkəzi, mobil məlumat və səs platformalarından istifadə edərək Sparkle müəssisələr, Internet Xidmət Təminatçıları, OTT-lər, media və məzmun pleyerləri, tətbiq xidmət təminatçıları, həmçının sabit və mobil şəbəkə operatorları üçün İKT həllərinin tam çeşidini təklif edir. Onun satış komandası bütün dünyada aktivdir və 32 ölkədə fəaliyyət göstərir. Sparkle haqqında ətraflı öyrənmək üçün şirkətin TwitterLinkedIn profillərinə və ya tisparkle.com saytına daxil ola bilərsiniz.

BAKU.WS
QALEREYA