“AzerTelecom” Dünya İqtisadi Forumunda təmsil olunub
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin nümayəndə heyəti İsveçrənin Davos şəhərində yanvarın 21-24-də keçirilmiş Dünya İqtisadi Forumunda iştirak edib.
BAKU.WS xəbər verir ki, şirkətin baş direktoru Fuad Allahverdiyev və strategiya üzrə müşaviri Azər Bayramov Davos Forumu çərçivəsində keçirilmiş “Caspian Week 2020” konfransı və digər əlaqəli tədbirlərdə Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital Hub” proqramı və proqramın tərkib hissəsi olan “Transxəzər” fiber-optik kabel xətti” layihəsini təqdim ediblər.
Qlobal liderlər, nüfuzlu ekspertlər, iri şirkət rəhbərlərinin iştirak etdiyi və Xəzər regionu ilə dünyanın digər regionları arasında əlaqələrin daha da inkişaf etdirilməsi, bu regionda innovasiyaların tətbiqi məsələlərinin müzakirə olunduğu “Caspian Week 2020” konfransında ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi imkanları və strateji əhəmiyyət daşıyan Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihəsi müzakirə edilib.
“AzerTelecom” şirkətinin strategiya üzrə müşaviri Azər Bayramov “Qlobal bazarlara çıxış: Böyük Xəzər regionunun yeni tranzit imkanları” panelində çıxışında layihənin regional əhəmiyyətini qeyd edib.
Bildirilib ki, fiber-optik kabel xətti Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan istiqamətlərindən ibarət olmaqla Asiya qitəsi ölkələrinin data tranzitinə olan ehtiyacının qarşılanmasına mühüm töhfə verəcək.
Transxəzər fiber-optik kabel xətti Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdıracaq və Avrasiya regionunda mövcud marşrutlar arasında ən optimal, ən qısa və məlumat ötürülməsində gecikmələrin az olduğu bir marşrut olacaq. Tədbirdə bu strateji əhəmiyyətli sualtı kabel xətlərinin texniki imkanları vurğulanıb, sonda layihə ilə bağlı suallar cavablandırılıb.
“AzerTelecom” “Digital Hub” proqramı və onun tərkib hissəsi olan iri infrastruktur layihələrini gələcəkdə də Davos platformasında təqdim edəcək.
“AzerTelecom” Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir.
Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
Oxşar xəbərlər
Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Bakcell şirkətinin sponsorluğu ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Dövl...