SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün “Unibank” KB ASC ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.

Memorandumu “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev imzalayıblar.

Natiq Hacıyev ADA Universitetinin təhsildə rəqəmsal həllərin tətbiqi üzrə əldə etdiyi təcrübəsinə dair məlumat verib.

Natiq Hacıyev çıxışı zamanı qeyd edib ki, “Unibank” biznes mühitində innovativliyi ilə seçildiyindən bu gün imzalanan əməkdaşlıq sənədi hər iki qurumun maraqlarını əks etdirir.

Bank sektorunun gələcək perspektivlərindən bəhs edən Faiq Hüseynov ADA Universitetinin müasir təhsil, “Unibank”ın isə innovativ təcrübələr paylaşdığını vurğulayıb, bu baxımdan, hər iki qurum arasındakı əməkdaşlığın tələbələrin gələcək karyerasında və Bank əməkdaşlarının peşəkar inkişafında faydalı olacağını bildirib.

Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil ediləcək, Bankın əməkdaşları isə ADA tərəfindən təşkil edilən İxtisasartırma proqramlarında iştirak edəcəklər.

Anlaşma Memorandumu ADA-nın tələbə və məzunlarını Bankın mövcud vakant yerləri barədə məlumatlandırmaq üçün Universitetdə “Karyera günləri” keçirilməsini də nəzərdə tutur.

Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi, həmçinin müvafiq peşə sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Bankın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.

BAKU.WS