XİN: Azərbaycan-Küveyt tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub

XİN: Azərbaycan-Küveyt tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub
Foto
Siyasət 125

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Abdullah Ali Al-Yahya ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Küveyt əməkdaşlığının siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat, kommunikasiyalar, humanitar aspektləri, turizm əlaqələrinin inkişafı, Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional reallıqlar müzakirə olunub.

İki ölkə arasında mövcud dostluq və qardaşlığın tarixi, mədəni və dini ortaqlıqlara əsaslandığı, hər iki ölkənin liderləri arasında mövcud siyasi dialoqla daha da möhkəmləndiyi vurğulanıb.

Eyni gündə keçiriləcək Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının iki ölkə arasında müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın inkişaf etdirilməsi üzrə səmərəli nəticələr verəcəyinə dair inam ifadə edilib.

Hər iki ölkənin yerləşdiyi coğrafi mövqenin nəqliyyat və kommunikasiyalar üzrə əməkdaşlığın inkişafına şərait yaratdığı qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək və həmrəyliyin, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətin təqdirəlayiq olduğu vurğulanıb. Bu çərçivədə digər beynəlxalq təşkilatlar ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurası ilə geniş əməkdaşlıq perspektivlərindən bəhs olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqlim dəyişmələri ilə mübarizə sahəsində gələcək birgə təşəbbüslər və mümkün səylər nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumatlandırıb.

Azərbaycan-Ermənistan normallaşma prosesi, mövcud çətinlik və çağırışlardan ətraflı bəhs olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 14:58

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Küveytin xarici işlər naziri Abdullah Ali əl-Yahya ilə görüşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş çərçivəsində bildirilib ki, Azərbaycan-Küveyt tərəfdaşlığı gələcəyə dair ortaq baxış əsasında möhkəm təməllər üzərində qurulub.

"İnanırıq ki, Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasının nəticələri də daha geniş regional əlaqələrə, iqtisadi dayanıqlılığa və davamlı inkişafa töhfə verəcək",-məlumatda qeyd edilib.

Son xəbərlər