WUF13-də yerli xalqların hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq çağırış edilib
WUF13-də çərçivəsində ilk dəfə yerli xalqların hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq çağırış edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yerli Xalqlar Qrupunun təşkilatçılığı ilə müzakirələr aparılıb.
Qeyd edilib ki, tədbir yerli xalqların səslərinin bu məkanda eşidilməsini, xüsusilə, adekvat mənzil hüququnun həyata keçirilməsini təmin etmək üçün müsbət addımdır.
Müzakirə mənzil hüququnun təmin olunması istiqamətində irəliləyişin davam etdirilməsi üçün fürsət kimi dəyərləndirilib. Qeyd edilib ki, bu hüquq həm İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsində, həm də BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsində təsbit olunub.
Çıxışlarda vurğulanıb ki, dünya hazırda çoxşaxəli böhranla üz-üzədir. Ekoloji böhran, iqlim dəyişikliyi, çirklənmə və biomüxtəlifliyin itirilməsi, münaqişələr, iqtisadi böhran və çoxtərəfli sistemdəki çətinliklər və s. mövcuddur.
Çağırışda bildirilib ki, 90 ölkə və ərazidə yaşayan 500 milyon yerli xalqın nümayəndəsi fərdi və kollektiv hüquqların genişmiqyaslı və sistemli şəkildə pozulmasından əziyyət çəkir.
Buraya yerli hüquq müdafiəçilərinin təzyiqlərə məruz qalması, onlara qarşı hücumlar və qətllər də daxildir.
"Bu şəraitdə, Yerli Xalqlar Qrupu olaraq, builki Foruma həm dərin narahatlıq, həm də sürətlə dəyişən dünyada problemləri azaltmaq və həll yolları təqdim etmək üçün yenilənmiş qətiyyətlə gəlmişik. Yerli xalqların mənalı və təhlükəsiz iştirakı olmadan inklüziv şəhərsalma planlaşdırmasından danışmaq mümkün deyil. Yerli xalqların mühüm sosial, mədəni, ekoloji və iqtisadi töhfələrinə baxmayaraq, biz öz torpaqlarımızdan və şəhər ərazilərindən köçürülür və zorla çıxarılırıq. Bu hallar yoxsulluq, münaqişə, struktur ayrı-seçkiliyi, patriarxal sistemlər və müstəmləkə qanunları fonunda baş verir ki, bunlar da yerli xalqların həssaslığını artırır və bizə zərər verməyə davam edir. Bu köçürülmələrin əksəriyyəti lazımi məsləhətləşmələr, əvvəlcədən verilmiş azad və məlumatlı razılıq, köçürülmə planları və ya planlaşdırma olmadan həyata keçirilir". - çağırışda diqqətə çatdırılıb.
Bildirilib ki, hazırda təxminən 132 münaqişə nəticəsində 200 milyon insan öz yurd-yuvasından didərgin düşüb:
"Bu münaqişələrin 80 faizi yerli xalqların yaşadığı həssas biomüxtəliflik ərazilərində baş verir. Buna görə də biz təklif edirik ki, sülh quruculuğu və azad, əvvəlcədən və məlumatlı razılıq prinsipi hər hansı şəhərsalma planlaşdırmasının əsas şərti olsun. Öz müqəddəratını təyin etmə hüququmuza hörmət və onun qorunması olmadan hər hansı şəhərsalma gündəliyinin etibarlı şəkildə həyata keçirilməsi mümkün deyil. Mənzil mədəni baxımdan uyğun olmalı və bizim xüsusi ehtiyaclarımıza, baxışımıza, mədəniyyətimizə və kimliyimizə cavab verməlidir. Dövlətlər dünyanın müxtəlif bölgələrində torpaqla bağlı anlayışımıza və münasibətimizə hörmət etməlidirlər. Bizim torpaqla xüsusi bağımız var və buna hörmət olunmalıdır. Torpaq əmtəə və ya pula çevrilə bilən bir sərvət deyil".
Oxşar xəbərlər
Ağdamın 60, Füzulinin 78, Xocavəndin isə təxminən 16 faizi minalardan təmizlənib
Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun təxminən 78 faizi və Xocavənd rayonunun isə təxminən 16 faizi minalardan təmizlənib. BAKU.WS "Report"a istin...