"Türkiyənin son 10  ildə Müdafiə Sənayesində əldə etdiyi uğurlar Ərdoğanla bağlıdır" - RƏY

Türkiyənin son 10  ildə Müdafiə Sənayesində əldə etdiyi uğurlar Ərdoğanla bağlıdır - RƏY
Siyasət 199

"Türkiyədə baş tutan ikinci tur prezident seçkilərində cənab Rəcəb Tayyib Ərdoğanın 52.16 faizlə yenidən Türkiyənin 13-cü prezidenti seçilməsi təkcə Türkiyənin özü baxımından deyil, Türk dünyası və İslam dünyası baxımından önəmlidir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Nəzərə almaq lazımdır ki, 2002-ci ildən bu yana 21 ildir hakimiyyət dövründə Türkiyədə yeni bir strategiya ortaya qoyuldu. Türkiyə içə qapanmış bir dövlətdən daha geniş bir vizyonlu dövlətə, yəni həm regional, həm də qlobal bir aktora çevrilmək yolunda irəliləyir. Bu xüsusi önəm daşıyır. Türkiyənin son 10 ildə Müdafiə Sənayesi sahəsində əldə etdiyi uğurlar bilavasitə Ərdoğan hakimiyyəti ilə bağlıdır. Bu çox önəmli məsələdir.

Türkiyənin Qarabağda, Yaxın şərqdə, Mərkəzi Asiyada, Balkanlarda söz sahibi olması onun gücünü daha da artıran amillərdəndir. Nəzərə almaq lazımdır ki, bu günlərdə Rusiya və Ukrayna arasında baş verən müharibə fonunda imzalanan "Taxıl anlaşması" Türkiyənin nəzarəti və bilavasitə iştirakı iıə baş tutan bir prosesdir".

Politoloq qeyd edib ki, Kamal Kılıçdaroğlu "Türk yolu" proyektini ortaya qoyaraq Azərbaycanı bu layihədən kənar saxlamaqla "Millət İttifaqı"nın hansı strategiya ortaya qoyduğunu göstərmiş oldu:

"Bir də onun qarşısında olan müxalif kəsim var. Onlar indiki hökümətin atdığı məqsədyönlü və strateji addımların demək olar ki, tam əksini dəyərləndirirdi, tam əksini ortaya qoyurdu. Məsələn, Kemal Kılıçdaroğlu" Türk yolu" proyektini ortaya atmaqla Azərbaycanı bu layihədən kənar saxlamağa çalışırdı. Daha sonra guya seçiləndən sonra birinci Kiprə, sonra Azərbaycana səfər edəcəyi ilə bağlı açıqlama verdi. Əslində bu da insanların düşüncəsini dəyişmədi. Onun və ümumiyyətlə "Millət İttifaqı"nın hansı strategiya ortaya qoyduğunu göstərmiş oldu.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, "Millət İttifaqı"nın nümayəndəsi Ali Babacan Müdafiə Sənayesi sahəsində də işləri təzədən sorğulayacaqlarını bildirmişdi. Eyni zamanda PKK-HDP əməkdaşlığının dərinləşdirilməsi, onlardan səs alması əslində müxalifətin hansı niyyət güddüyünü ortaya qoydu və Qərblə əməkdaşlığın nə dərəcə olduğunu göstərmiş oldu.

Düşünürəm ki, Türk xalqı demokratiyaya səs verdi, Türki xalqı Türkiyənin gələcəyinə səs verdi. Bu seçki demokratik seçki oldu. Çünki orada sistem belədir ki, hər bir partiyanın nümayəndəsi sandıq başında olur: Seçkinin əvvəlindən sonuna qədər, səslər sayılıb bitənə qədər. Ona görə də hər hansı saxtakarlığın olduğunu düşünmürəm.

Bir məsələni də xüsusi qeyd edim ki, Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti cənab İlham Əliyev oldu.

Türkiyə və Azərbaycan həm yaxşı, həm də pis gündə bir-birinin yanındadır".

Son xəbərlər