Türkiyə-İsrail: Ərdoğanla Hersoqun verdiyi mesajlar, Azərbaycanın qazancı – TƏHLİL
Martın 9-da İsrail Prezidenti İshaq Hersoq Ankaraya səfərə gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirdi.
Hersoqun səfəri iki ölkə arasında 10 ildir davam edən münasibətləri yenidən şəkilləndirir, kəskin qarşılıqlı ittihamlarla müşayiət olunan rəqabət və hətta siyasi düşmən mövqelərini arxada qoyur.
Türkiyə ilə İsrail arasındakı əlaqələrdə açıq gərginliyin təməli 2009-cu ilin yanvarında Davos Forumunda qoyulmuşdu, həmin tədbirdə Türkiyənin həmin dövrdəki baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsinə görə İsrail Prezidenti Şimon Peresi sərt şəkildə tənqid etmişdi.
Hələ də ümidlər var idi ki, Ankara-Təl-Əviv münasibətləri normal axarına qayıdacaq, lakin İsrailin Türkiyənin “Mavi Mərmərə” gəmisinin heyətinə hücumu nəticəsində 9 Türkiyə vətəndaşının ölməsi əlaqələrdə qırılma nöqtəsi yaratdı.
Həmin hadisədən sonra qalaqlanan qəzəbli duyğular qarşılıqlı təhdidlərə qədər gətirib çıxardı və iki ölkə arasındakı uçurum dərinləşdi.
İndi isə Ankara və Təl-Əviv keçmişdəki gərginlikdən qoparaq gələcəyə baxış bucağını ortaya qoymaq üçün müştərək iradə nümayiş etdirir.
Ərdoğan-Hersoq görüşündən sonra prezidentlərin bəyanatları yeni ortaq maraqlar üçün mexanizm formalaşdırılmasının formullarını təqdim edir:
- Ərdoğan Türkiyə-İsrail münasibətlərinin güclənməsini regional sabitlik və sülh üçün böyük bir önəm daşıdığını vurğuladı;
- İshaq Hersoq iki ölkə arasındakı gələcək münasibətlərin qarşılıqlı hörmət əsasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Mövcud beynəlxalq siyasi nizamın çalxalanması dövlətlərin təhlükəsizlik strategiyasını yeni “redaksiyada” hazırlanması zərurətini ortaya qoyur, bu mənada Türkiyə ilə İsrailin bir-birinə nəfəs verməsi mübahisəli regional məsələlərin həlli üçün də düsturdur.
Siyasi bağların bərkidilməsinin bir yolu da iqtisadi münasibətlərin həcmini böyütməkdən keçir. Ərdoğan deyib ki, ötən il Türkiyə ilə İsrail arasındakı ticarət dövriyyəsi 8,5 milyard dollar təşkil edib.
Amma gələcək üçün bu həcmin ikirəqəmli olması üçün səylər göstəriləcək. İki ölkənin hədəfi budur ki, ən azından 2022-ci ildə ticarətin həcmi yüksələrək 10 milyard dollar olsun.
Qarşılıqlı hörmət yeni səfər qrafikləri və proqramlarını aktual edir, növbəti ayda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İsrailə səfəri gözlənilir. Səfərlərin intensivliyi iki ölkə arasında yeni sazişlərin imzalanması üçün zəminin hazırlanmasıdır, indi Türkiyə ilə İsrailin münasibətlərinin strateji tərəfdaşlığa söykənən tezislər üzərində inkişafı vacibdir.
Bağlı qapılar arxasında bununla bağlı danışıqlar aparılacağını söyləyə bilərik. Hətta onu da qeyd edə bilərik ki, gələcəkdə Ərdoğanın da İsrailə getməsi mümkündür.
İsraillə Türkiyə arasındakı münasibətlərin hərarətlənməsi Şərqi Aralıq dənizi məsələsində Türkiyə-İsrail arasında strateji ortaq maraq da yarada bilər.
Ancaq Fələstin münaqişəsində Türkiyə ilə İsrail arasında siyasi fikir ayrılıqlarına “nöqtə” qoyulması müşkül kimi görünür.
Ankara-Təl-Əviv münasibətlərinin normallaşması Azərbaycanın strateji maraqlarının ruhuna uyğundur, Bakının hər iki ölkə ilə yaxşı münasibətləri var.
Əgər Ankara-Təl-Əviv əlaqələrinin dinamikasında müsbət elementlər çoxalacaqsa, Bakının da ikili formata töhfəsi olacaq.
Münasibətlər bu templə davam edəcəksə, perspektivdə Azərbaycan-Türkiyə-İsrail üçlük formatında görüşlər və ya müzakirələr baş tutacaq.
Oxşar xəbərlər
14 il sonra ilk dəfə İsrail lideri Türkiyəyə səfər edəcək
İsrail Prezidenti İsaak Hersoq martın 9-10-da Türkiyəyə rəsmi səfər edəcək. "Haber Global" xəbər verir ki, bu barədə İsrail Prezidenti Administrasiyası məlumat...