"The Times" qəzeti Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı yeni təfərrüatlar dərc edib

The Times qəzeti Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı yeni təfərrüatlar dərc edib
Siyasət 305

Azərbaycandan Qroznıya gedən 8432 saylı reys çox güman ki, raketlə vurulub. Ekspertlər pilotun dispetçerlərlə danışıqlarının Rusiyada dərc edilmiş stenoqramını öyrəndikdən və videonu izlədikdən sonra belə qənaətə gəliblər.

BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" nəşrində dərc edilmiş məqalədə qeyd olunur.

Nəşr qeyd edir ki, pilotlar bütün uçuş idarəetmə sistemlərini itirdikdən sonra təyyarəni yalnız mühərrik gücü ilə idarə edərək, təcili eniş etməyə çalışarkən ciddi çətinliklərlə üzləşiblər. Dağıntılar təyyarənin arxa hissəsini zədələyərək qanadları və quyruq səthlərini idarə edən hər üç hidravlik sistemi dayandırıb.

Məlumata görə, pilotlar əvvəlcə quş vurması hesab edilən "toqquşma"dan da danışıblar. Hadisədən bir neçə dəqiqə əvvəl ekipaj GPS naviqasiyasında nasazlıq barədə məlumat verib və radarla izləmə tələb edib.

Qroznıda pilotlarla dispetçerlər arasındakı danışıqların stenoqramı göstərir ki, onlar görmə məsafəsinin həddindən artıq zəif olması səbəbindən eniş edə bilmədikləri üçün Çeçenistan şəhərindən uzaqlaşarkən əvvəlcə quşla toqquşma hesab etdikləri "zərbə" barədə məlumat veriblər.

Nəşrin məlumatına görə, ekipaj əvvəlcə Qafqazda Mineralnıye Vodıya, daha sonra sahildə Mahaçqalaya yollanmağa çalışıb, lakin onlara hava şəraitinin bu yerlərdə eniş etməyə imkan vermədiyi bildirilib. Danışıqların stenoqramı bu məqamda kəsilib, lakin naməlum səbəbdən pilotlara Xəzər dənizinin əks sahilində, xeyli aralıda yerləşən Aktauya getmələri tapşırılıb. Təyyarə yenidən Aktau ərazisində aviadispetçerlərin radarında görünəndə onun uçuşu qeyri-sabit olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Son xəbərlər