Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir: bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 21 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, ölkələr arasında investisiya sahəsində əməkdaşlıq intensiv şəkildə inkişaf edir: "Azərbaycanda Çin sərmayəli 256 kommersiya təşkilatı fəal şəkildə işləyir. Çin şirkətlərinin Azərbaycandakı əlverişli biznes mühitindən yararlana bilməsi üçün lazımi dəstəyi göstərməyə davam edəcəyik".
Ş.Mustafayevin sözlərinə görə, tranzit daşımalar iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. "Azərbaycanda tranzit potensialının artırılması üçün irimiqyaslı nəqliyyat infrastrukturu layihələri həyata keçirilib. Ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çindən Avropaya və əks istiqamətdə yüklərin çatdırılması üçün ən qısa və səmərəli marşrutları təşkil edir. Nəticədə Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib", - o bildirib.
Baş nazirin müavini xatırladıb ki, hazırda Çində Azərbaycanın altı ticarət evi və üç şərab evi fəaliyyət göstərir.
Onun sözlərinə görə, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan Çinin iqlim dəyişikliyi ilə mübarizə təcrübəsi ilə də maraqlanır.
"Biz Çindən rəsmi nümayəndə heyətinin COP29-da iştirakını alqışlayırıq və iqlim dəyişikliyi ilə mübarizədə Çinin qabaqcıl təcrübələrində maraqlıyıq. Avtobusların yerli istehsalını təmin etmək üçün Çinin "BYD Company Limited" şirkəti ilə əməkdaşlığa başlanılıb, COP29 çərçivəsində elektriklə işləyən avtobusların idxalı və istismara verilməsi üzrə saziş imzalanıb. Əməkdaşlıq çərçivəsində həmçinin 2025-ci ildə ehtiyat hissələri də daxil olmaqla yerli istehsalın yaradılması, satınalmalara dövlət zəmanəti və birgə maliyyələşdirmə nəzərdə tutulur", - Mustafayev qeyd edib.
Oxşar xəbərlər
Nazir: Çin Qərbin liderlik nümayiş etdirəcəyi halda iqlim yardımını artırmağa hazır idi
Bakıda keçirilmiş COP29 iqlim sammitində Çin inkişaf etmiş ölkələrin daha çox təşəbbüs göstərəcəyi təqdirdə iqlimə yardımı artırmağa hazır olduğunu bəyan edib....