Rauf Məmmədov: "Yazdıqlarım düşünülməmiş sözlərdir" YENİLƏNİB-1 + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov sosial şəbəkə hesabında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirərkən deyib.
34 yaşlı qrossmeyster şəxsinə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edib: "Ukraynadakı hadisələr hamıya, o cümlədən mənə də təsir edir. Həyat yoldaşım Natalya Buksa ukraynalıdır və əslən Lvov şəhərindəndir. Ukraynadakı hərbi əməliyyatlar başlayan zaman biz Lvov şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman ediləndən sonra təxliyə olunmağa məcbur qaldıq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım".
Məmmədovun sözlərinə görə, şahmatçı kimi indiki vəziyyətdə yarışda iştirak etmək, bütün fikrini cəmləmək çətindir: "Feysbukdakı postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Buna görə də sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam. Azərbaycan millisi ilə üç dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimi, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümid edirəm".
***17.02
Azərbaycan şahmatçısı Rauf Məmmədovun Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayacağı ilə bağlı idmançının anası, tanınmış hüquqşünas Lətifə Əliyeva danışıb.
Sport24.az-a açıqlama verən L.Əliyeva Raufun millidəki çıxışını davam etdirəcəyini təsdiqləyib:
“Oğlum Vətənini, bayrağımızı çox sevir. Bu səbəbdən o, çıxışını davam etdirəcək. İstər milli komandada, istərsə də fərdi yarışlarda yenə Azərbaycan bayrağını ucaltmağa davam edəcək”.
***09.36
Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayacağını açıqlayıb.
BAKU.WS xəbər verir ki, 34 yaşlı qrossmeyster bu barədə şəxsi feysbuk hesabında bildirib.
"Nə qədər ki, FIDE prezidenti rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.
Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...