Qərbi Azərbaycan Xronikası: "Qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək"

Qərbi Azərbaycan Xronikası: Qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək
Video
Siyasət 86

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Qərbi Azərbaycana qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli olub. O, 2024-cü ildə İcmanın fəaliyyətindən, gördüyü işlərdən danışıb.

Deputat qeyd edib ki, ötən il ərzində İcmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsi olub.

Onun sözlərinə görə, İcmanın təşkilatlanma işi ötən il də yüksək səviyyədə davam etdirilib. Nəticədə ölkəmizin 45 rayonunda Qərbi Azərbaycan İcmasının nümayəndəliyi yaradılıb. Bu müddət ərzində Qərbi Azərbaycanın 22 rayonu üzrə 284 kənd icması formalaşdırılıb.

Millət vəkili Ə.Ələkbərli soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətin genişləndiriləcəyini diqqətə çatdırıb. Deyib ki, qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək. "İcmanın fəaliyyətində əsas prioritetlərdən biri də erməni yalanlarının beynəlxalq səviyyədə ifşa edilməsidir" söyləyən natiq əlavə edib ki, sözügedən istiqamətdə işlər daha mütəşəkkil formada həyata keçiriləcək.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Veriliş yanvarın 13-də saat 19:30-da "Baku TV"nin efirində və saat 21:30-da "YouTube" kanalında yayımlanıb.

Son xəbərlər