Qərbi Azərbaycan Xronikası: "Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəlmişdi"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Heç kim inanmırdı ki, sovet vaxtı ermənilər vicdansızlıq edərlər" adlı veriliş Göyçə mahalı, Basarkeçər rayonu, Yuxarı Şorca kənd sakini Şakir Mikayılovun həyat hekayəsinə həsr olunub.
O, 1955-ci ildə anadan olduğunu, uşaqlıq, məktəb, gənclik və müəllimlik illərinin kənddə keçdiyini söyləyib: "Füsunkar təbiəti olan kənd dağlıq ərazidə yerləşdiyinə görə bütün fəsillər gözəl olurdu. Uşaqlığımız həmişə çox yaxşı keçib. Kənddəki Alban qəbiristanlığını ermənilər öz adlarına çıxırdılar. Kəndimiz qədim türk torpağıdır, toponimlərin hamısı Azərbaycan adları idi. Orada qeyri-millətin adına rast gəlinmirdi".
Onun sözlərinə görə, ermənilər tarix boyu vicdansız hərəkətlər ediblər: "1987-ci ildə müəllimlərin maaşını rayonda bankdan alırdıq. Orada Siyasi Büro üzvlərinin eyni ölçüdə şəkilləri asılmışdı. Heydər Əliyevin şəkli isə çox kiçik ölçüdə idi. Bank müdirinə dedim ki, bəs, niyə belədir, orada Heydər Əliyevin şəkli digərlərindən fərqli ölçüdədir. Dedi ki, şəkil tapmadıq. Dedim, mən tapıb gətirsəm, dəyişərsinizmi? Dedi ki, əlbəttə, dəyişərik. Biz şəkil gətirib onu dəyişdirdik. Onların iyrənc xisləti həmişə bizim millətə qarşı olub və davam edir".
Kənd sakini bildirib ki, 1905, 1915, 1918-ci illərdə camaat qaçqınlığa məruz qalıb: "Sonuncu deportasiya 1988-ci ildə çox iyrənc şəkildə oldu. Ermənilər kəndlərdə yanğın törədirdilər. Bizim kənddən iki ailənin köçünü yandırdılar, bədən xəsarətləri alanlar oldu. Bizə zülmlü həyat yaşatdılar. Noyabrın qarlı bir günü idi. Camaat məcburiyyət qarşısında qalıb Kəlbəcər yolu ilə çıxdı. Dörd yaşlı kiçik oğlum 14 kilometr yolu piyada gəldi. İki yaşlı qızımı kürəyimizə bağlayıb gətirdik. Ev-eşiyi qoyub çox böyük əziyyətlə Kəlbəcərin Zəylik, sonra Tərtərin Cəmilli və Bəyimsarov kəndlərinə gəldik".
Ş.Mikayılov doğma yurda qayıdış istəyini də ifadə edib: "Kəndimiz Azərbaycanla sərhəd olduğuna görə ermənilər dağıdıblar. O kəndin icma sədri kimi, camaatla görüşürəm, hamısı qayıtmaq eşqi ilə yaşayır. Biz doğma yurdumuza xor baxmadıq, mütləq qayıdacağıq. Hətta nəvəm də deyir ki, baba, məni də apararsan. İnşallah, vaxt gələcək, biz Göyçəyə qayıdacaq, gözəl dağlarımızı, bulaqlarımızı görəcəyik".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Rusiya Ermənistana nüvə sənayesində hərtərəfli əməkdaşlıq təklif edib
Rusiyanın "Rosatom" dövlət korporasiyası Ermənistana nüvə sənayesində hərtərəfli əməkdaşlıq təklif edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə R...