Qərbi Azərbaycan Xronikası: Baldırğanlıq, Baldırğanlı dağ, Balıqlı, Balıqçay - Türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası: Baldırğanlıq, Baldırğanlı dağ, Balıqlı, Balıqçay - Türk tarixinin izi
Video
Siyasət 13

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Zəngəzurda Dağlıq Altay toponimi - Baldırğanlıq" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı və Balıqçay toponimi, oronimi və hidronimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır və toponimlərin mütləq əksəriyyəti oğuz-türkmənşəlidir.

Baldırğanlıq və Baldırğanlı dağ - Zəngəzur mahalının Qafan və Gorus rayonunda dağ adıdır.

Baldırğanlı - Şəmşəddil mahalının Şəmşəddin, sonralar Berd adlandırılan rayonu ərazisində qışlaq adıdır və 1930-cu ildə ləğv edilib.

Balıqlı - Ağbaba mahalının Amasiya rayonunda kənd adıdır. Kənddə 1886-cı ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən qovulub və bir hissəsi vəhşicəsinə qətlə yetiriliblər. Kəndin əhalisi Türkiyəyə pənah aparıb. 1920-ci ilin noyabrında sakinlər yenidən ata-baba torpaqlarına qayıdıblar. 1988-ci ilin noyabr-dekabr aylarında onlar yenidən tarixi-etnik torpaqlarından zorla qovulublar. 1991-ci ildə kəndin adı dəyişdirilib Zorakert qoyulub.

Balıqçay - Şəmşəddil mahalının, Karvansaray, sonralar İcevan adlandırılan, həmçinin Dilican şəhəri ərazisindən axan çay adıdır.

Sonda vurğulanır ki, Azərbaycan türklərinin dədə-baba yurdlarından olan bu toponimlər erməni saxtakarlığının qurbanı olub: "Tarixi reallığın unudulmaması naminə bu ərazidə ta qədimdən yaşayıb məskən salan insanların yenidən doğma yurda qayıtması isə zamandan doğan zərurətdir. Əminik ki, bu məqsədlə aparılan haqlı mübarizə uğurlu olacaq, o yerlərin əsl sahibləri isti ocaqlarına yenidən qovuşacaqlar".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər