Qazaxıstanlı nazir: Bakı və İrəvanın siyasi iradəsi regionun tarixində yeni səhifə açır

Qazaxıstanlı nazir: Bakı və İrəvanın siyasi iradəsi regionun tarixində yeni səhifə açır
Siyasət 28

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bir çox ölkələrin Cənubi Qafqazın geostrateji imkanlarından faydalanması üçün geniş perspektivlər açır.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu martın 27-də ermənistanlı həmkarı Ararat Mirzoyanla geniş tərkibdə danışıqlar zamanı bildirib.

O, A.Mirzoyanın ölkəyə ilk rəsmi səfərinin Bakı və İrəvan arasında mühüm razılaşmalar fonunda keçdiyini vurğulayıb.

"Biz bu səfərə xüsusi əhəmiyyət verir və onu Qazaxıstan ilə Ermənistan arasında ikitərəfli münasibətlərin gələcək inkişafında mühüm mərhələ kimi qiymətləndiririk. Sizin Qazaxıstana indiki səfəriniz Azərbaycanla mühüm razılaşmaların əldə edildiyi dövrdə baş tutur. Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanıb", - M.Nurtleu qeyd edib.

O, həmçinin vurğulayıb ki, İrəvanla Bakının ölçülüb-biçilmiş və məsuliyyətli yanaşması, eləcə də güclü siyasi iradəsi tərəflərin iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaq niyyətini nümayiş etdirib.

"Qazaxıstan irəliləyişin əldə olunmasını alqışlayır və ümid edir ki, açılmış fürsət pəncərəsi tarixi sülh sazişinin tezliklə imzalanmasına kömək edəcək", - qazaxıstanlı nazir əlavə edib.

Son xəbərlər