"Qafqaz qartalı - 2026" hərbi təlimi nəyə hesablanıb? - Üç ölkənin verdiyi mesaj
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının Tbilisi yaxınlığındakı Muxrovani bazasında keçirilən "Qafqaz qartalı - 2026" birgə təlimi və onun Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirləri təhlil olunub.
Bildirilib ki, bu təlim təsadüfi xarakter daşımır və illik rotasiya əsasında üç ölkənin ərazisində keçirilən uzunmüddətli hərbi əməkdaşlığın əsas komponentlərindən biridir.
Qeyd olunub ki, "Caucasus Eagle" xüsusi təyinatlı bölmələrin real döyüş şəraitinə maksimum yaxın ssenarilərdə hazırlığını yoxlayan peşəkar platforma kimi çıxış edir və burada əsas diqqət kiçik elit qrupların koordinasiyalı fəaliyyətinə yönəldilir.
Vurğulanıb ki, təlim proqramına gizli hərəkət, pusqu əməliyyatları, yaşayış məntəqələrində döyüş, strateji obyektlərin ələ keçirilməsi, diversiya və əks-diversiya, yaralıların təxliyəsi və birgə komanda idarəetməsi kimi elementlər daxildir.
Diqqətə çatdırılıb ki, Azərbaycan üçün bu təlim NATO standartlarına uyğun taktiki hazırlığın gücləndirilməsi, Türkiyənin xüsusi təyinatlılarının döyüş təcrübəsinin mənimsənilməsi və Gürcüstanla operativ koordinasiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda qeyd olunub ki, Türkiyənin "Bordo Berelilər" bölməsinin son illərdə qazandığı döyüş təcrübəsi və Azərbaycan xüsusi təyinatlılarının müxtəlif əməliyyatlarda nümayiş etdirdiyi peşəkarlıq tərəflər arasında bilik mübadiləsini daha da gücləndirir.
Qeyd olunub ki, müasir müharibə konsepsiyaları xüsusi təyinatlıların rolunu daha da artırır və bu prosesdə pilotsuz sistemlər, radioelektron mübarizə vasitələri və süni intellekt dəstəyi ilə inteqrasiya olunmuş əməliyyatlar əsas istiqamətlərdən birinə çevrilir.
Oxşar xəbərlər
"Haber Global" İlham Əliyevlə Sərdar Berdiməhəmmədovun görüşünə xüsusi diqqət ayırıb
İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib və...