Prezident Oqtay Zülfüqarovun vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, incəsənət xadimləri tanınmış bəstəkar Oqtay Qədir oğlu Zülfüqarovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Nekroloqda deyilir:
Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqustun 31-də ömrünün 88-ci ilində vəfat edib.
Oqtay Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin, 1951–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxuyub, 1952–1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.
Əmək fəaliyyətinə hələ tələbə ikən 1949-cu ildə 1 saylı musiqi məktəbində violonçel müəllimi kimi başlayan Oqtay Zülfüqarov, eyni zamanda, müxtəlif mədəniyyət evlərində də xormeyster kimi çalışıb, 1958–1962-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru, səs rejissoru, 1965–1967-ci illərdə Respublika Xalq Yaradıcılıq Evində metodist, 1968–1991-ci illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi, redaktor, şöbə müdiri vəzifələrində işləyib. 1991–2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və bədii rəhbəri olub.
Oqtay Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik illərində işıq üzü görüb. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar var. Oqtay Zülfüqarovun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Oqtay Zülfüqarov rəngarəng yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirib.
Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Oqtay Zülfüqarovun böyük xidmətləri olub. Onun öz sadəliyi və rahat qavranılması ilə seçilən əsərləri, eyni zamanda, dərin milli-mənəvi ruh, zəngin kolorit və yaddaqalan ritmləri ilə səciyyələnir. Geniş yaradıcılıq diapazonuna malik Oqtay Zülfüqarov musiqisində ənənəyə sədaqət müasirliklə harmonik vəhdət təşkil edir. Onun kino və teatr musiqisi sahəsində fəaliyyəti də təqdirə layiqdir. Sənətkarın müxtəlif dövrlərdə yaratdığı əsərlər musiqişünaslar tərəfindən yüksək qiymətləndirilib.
Oqtay Zülfüqarovun bəstələdiyi uşaq mahnıları ona xüsusi şöhrət qazandırıb. Onun "Telefon”, "Qatar”, "Kim sevirsə idmanı” və başqa mahnıları bir neçə nəslin dillər əzbəri olub. Uşaqlar üçün yazdığı balet, nağıl-opera və digər əsərləri ilə o, gənc musiqi həvəskarlarının sevimlisinə çevrilib. Bəstəkarın rəhbərliyi altında yaranan uşaq kollektivləri, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyası gənc nəslin bədii-estetik tərbiyəsində böyük rol oynayıb.
Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafı və təbliğində Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra fəxri adlara, orden və medallara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət” ordeni ilə təltif edilib.
Tanınmış bəstəkar və mahir pedaqoq, səmimi insan Oqtay Qədir oğlu Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Siyavuş Kərimi
Tofiq Bakıxanov
Xəyyam Mirzəzadə
Ramiz Zöhrabov
BAKU.WS
Oxşar xəbərlər
Xalq artisti Oqtay Zülfüqarov vəfat edib
Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib....