Pensiyaçıların rifahı: Azərbaycanda sosial dövlət modelinin prioritet istiqaməti - TƏHLİL

Pensiyaçıların rifahı: Azərbaycanda sosial dövlət modelinin prioritet istiqaməti - TƏHLİL
Siyasət 25

Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi və pensiyaçıların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir.

Son illər bu sahədə həyata keçirilən sistemli islahatlar və qəbul edilən qərarlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə formalaşdırılan sosialyönümlü inkişaf modelinin mühüm göstəricisidir.

Bu baxımdan pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı növbəti qərar sosial müdafiə sahəsində ardıcıllığın və davamlılığın bariz nümunəsidir.

10 %-ə yaxın artım

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncama əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq pensiyalar 9,3 % artırılıb. Sözügedən artım bu il yanvarın 1-dən etibarən qüvvəyə minib və ölkə üzrə bütün pensiyaçıları əhatə edir.

Sərəncamla 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi göstəricilər əsasında indeksləşdirilib. Artımların tətbiqi tam avtomatlaşdırılmış elektron sistem üzərindən həyata keçirildiyindən, pensiyaçılardan hər hansı müraciət və ya sənəd təqdim olunması tələb edilmir. Bu yanaşma dövlət xidmətlərində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun artırılması məqsədinə xidmət edir.

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar isə fevral ayının pensiyası ilə birgə ödəniləcək. Beləliklə, pensiyaçılar fevral ayında həm indeksləşdirilmiş yeni pensiya məbləğini, həm də yanvar ayına düşən artım hissəsini eyni vaxtda əldə edəcəklər. Bu mexanizm pensiyaçıların maliyyə yükünün azaldılması və gəlirlərinin daha stabil şəkildə təmin olunmasına yönəlib.

640 milyon manatlıq əlavə vəsait

Pensiyaların indeksləşdirilməsi 1,1 milyon pensiyaçını, o cümlədən pensiyaçı olan hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və digər kateqoriyaları əhatə edir. Bu artımların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsaitin ayrılması dövlətin sosial öhdəliklərinə sadiqliyini və pensiyaçıların rifahının yüksəldilməsinə verilən xüsusi önəmi bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin əsas xüsusiyyətlərindən biri pensiya və sosial ödənişlərin ölkədəki iqtisadi artım və əməkhaqqı səviyyəsi ilə uzlaşdırılmasıdır. Pensiyaların məhz orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsi pensiyaçıların gəlirlərinin real iqtisadi proseslərdən geri qalmamasına və alıcılıq qabiliyyətinin qorunmasına şərait yaradır.

Bununla yanaşı, dövlət başçısının müvafiq Sərəncamına əsasən, sığortaolunanların 2026-cı il yanvarın 1-dək fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalları da ötən il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 5,6 % indeksləşdirilərək artırılıb. Bu mexanizm isə sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya hüquqlarının qorunmasında dövlətin aktiv rolunu nümayiş etdirir.

Hər ilin əvvəlində tətbiq olunan bu indeksasiya mexanizmi göstərir ki, vətəndaşların pensiya kapitalı yalnız onların əmək fəaliyyətindən irəli gələn sosial sığorta ayırmaları hesabına deyil, eyni zamanda, dövlət tərəfindən də müntəzəm olaraq qorunur və artırılır. Bu isə uzunmüddətli sosial təminat baxımından mühüm əhəmiyyət daşıyır.

Orta aylıq pensiya məbləği yüksəlir

Ümumiyyətlə, mövcud artımlar fonunda 2025-ci ildə Azərbaycanda orta aylıq pensiya məbləğinin 543 manatdan bu il 590 manatadək, yaşa görə pensiyanın isə 578 manatdan 629-630 manatadək yüksələcəyi proqnozlaşdırılır. Bu göstəricilər pensiyaçıların gəlirlərinin artım tempinin saxlanıldığını və sosial müdafiə tədbirlərinin genişləndirildiyini göstərir.

Rəsmi məlumatlara əsasən, ötən il ölkədə əmək pensiyası alanların ümumi sayı 1 milyon 98 min 651 nəfər təşkil edib. 2025-ci il ərzində pensiya ödənişlərinə 7,1 milyard manat vəsait yönəldilib ki, bu da əhaliyə edilən bütün sosial ödənişlərin 97,6 %-dən çoxuna bərabərdir. Bu fakt pensiya təminatının Azərbaycanda sosial xərclər strukturunda əsas yer tutduğunu göstərir.

Ötən il orta aylıq pensiya əvvəlki illə müqayisədə 9,3 % artaraq 543 manata, yaşa görə pensiya isə 9,1 % artaraq 578 manata yüksəlib. Hazırda orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 49,9 %, yaşa görə pensiyanın nisbəti isə 53,2 % təşkil edir. Bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40–60 % intervalına tam uyğun olmaqla, Azərbaycan pensiya sisteminin dayanıqlılığını və balanslı strukturunu əks etdirir.

Dövlətin sosial siyasəti yalnız pensiyaların artırılması ilə məhdudlaşmır. Aztəminatlı ailələrin müdafiəsi də bu siyasətin əsas istiqamətlərindən biri olaraq qalır. Ötən il ölkə üzrə 76 min aztəminatlı ailənin 335 mindən çox üzvünə ünvanlı dövlət sosial yardımı ödənilib. Bu məqsədlə 420 milyon manat vəsait ayrılıb.

Eyni zamanda, ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 200 manat ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə birdəfəlik ödəniş üçün dövlət büdcəsindən 15,3 milyon manat vəsait ayrılıb.

Ümumiyyətlə ünvanlı dövlət sosial yardımı 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata qədər yüksəlib, bu isə 4,3 dəfə artım deməkdir. Beləliklə, ünvanlı dövlət sosial yardımının orta məbləği 2,4 dəfə, yaşayış minimumu 73 % artıb, ehtiyac meyarının isə 2,3 dəfə artımına nail olunub. Bu, sosial həssas əhali qruplarına göstərilən diqqətin və qayğının nümunəsi kimi dəyərləndirilir.

Bir sözlə, pensiyaların indeksləşdirilərək artırılması, pensiya kapitallarının qorunması, ünvanlı sosial yardımların genişləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, sistemli və uzunmüddətli sosial siyasətin əsas tərkib hissəsidir. Bu siyasət əhalinin, xüsusilə də pensiyaçıların sosial rifahının yüksəldilməsinə, onların layiqli həyat şəraitinin təmin edilməsinə və sosial ədalətin gücləndirilməsinə xidmət edir.

Son xəbərlər