Oqtay Əsədov: "Danışanda, avropalıların ağızına çullu dovşan sığmır" (VİDEO)

Oqtay Əsədov: Danışanda, avropalıların ağızına çullu dovşan sığmır (VİDEO)
Video
Siyasət 1047

"Avropa Parlamentində Azərbaycana qarşı növbəti siyasi aksiya təşkil olunub. Sentyabrın 10-da keçirilən iclasda etiket qaydaları pozulub, Azərbaycana şər və böhtan atılıb”.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən növbədənkənar xüsusi iclasında bildirib. O qeyd edib ki, həmin iclası vitse-spikerlər Ziyafət Əsgərov və Valeh Ələsgərovla birgə izləyib: "Mən Avropa Parlamentinin bu qətnaməsini tam qərəzli və saxta hesab edirəm. Bu qurumun iclasında əvvəllər 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə məqsədli 600-dən yuxarı deputat toplamışdılar. Son iki ildə Avropa Parlamentində Azərbaycana qarşı bir çox qərəzli sənəd qəbul olunub. Biz çox vaxt dinmirdik, amma artıq susmaq olmur. Avropa bu dəfə bütün davranış qaydalarını pozdu”.

Spiker deyib ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, nüfuzuna xələl gətirmək və Dağlıq Qarabağ məsələsində Azərbaycana hansısa şərtlər qəbul etdirməkdir: "Separatçı rejimin başçısı terrorçu Saakyanı Avropaya dəvət etməkdə də məqsədləri bu idi”.

O.Əsədov əlavə edib ki, Avropa Parlamentinin sədri Martin Şults Avropa Oyunları ərəfəsində deputatlara qeyri-rəsmi qadağa qoymuşdu ki, heç kim nə rəsmi, nə də qeyri-rəsmi Azərbayana səfər etməsin: "Deputatlar bizə zəng edib deyirdilər ki, bağışlayın Şults bizi Azərbaycana gəlməyə buraxmır”.

Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yolu, Avronest səviyyəsində xidmətlərini xatırladan O. Əsədov bildirib ki, Milli Məclis bugünkü iclasda Nazirlər Kabinetinə tövsiyə edəcək ki, Azərbaycanın Avronestlə əməkdaşlığına yenidən baxsın.

Spiker daha sonra deyib ki, dəhşətli müqayisə yaranıb. 7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağızına çullu dovşan sığmır.

O qeyd edib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: "Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?”.

Deputat Sabir Rüstəmxanlı Avropa Parlamentinin qətnaməsini Azərbaycan xalqına qarşı təhqir hesab edib: "Məsələn orada Rasim Əliyevin ölümünü jurnalistin siyasi qətli kimi qələmə verirlər. Amma bu düzgün deyil. Çünki Rasim Əliyev jurnalist olmayıb, o, operator idi”.

Deputatın sözlərinə görə, bütün Avropa hakimiyyətlərində qüsurlar var: "Amma bizə yanaşmada daha qərəzli münasibət sərgiləyirlər. Onların bu münasibətini gizlətmək mümkün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian-müsəlman davasının elementləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda, Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyirlər. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyənlər mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır, amma bu, çoxlarına sərf etmir”.

BAKU.WS

Son xəbərlər