Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib

Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib
Siyasət 140

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü beynəlxalq hüquqi iddialarına, o cümlədən Ermənistanın mina təhdidi ilə əlaqədar faktlara baxmaq qərarına münasibət bildirib.

Ombudsman Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş fundamental hüquq və azadlıqlarının tapdandığını, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, müharibə cinayətləri törədildiyini vurğulayıb. Qeyd edib ki, azərbaycanlıların onilliklər boyunca davamlı olaraq pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə atılan hüquqi addımlar ədalətin təmin olunması baxımından olduqca əhəmiyyətlidir.

İnsan hüquqları üzrə müvəkkil Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın bu ölkəyə qarşı hüquqi iddiasına, habelə Ermənistanın mina terroru ilə əlaqədar faktlara mahiyyəti üzrə baxmaq qərarını təqdirəlayiq hesab edib. O, Ermənistanın işğal müddətində və daha sonra ərazilərimizdə mina və mina tələlərinin yerləşdirilməsi ilə bağlı Azərbaycan tərəfinin haqlı iddialarının məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdlərinin məhkəmə tərəfindən rədd edilməsini ədalətin bərpa olunması istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.

Son xəbərlər