Naxçıvanda COP29-la bağlı infosessiya təşkil olunub

Naxçıvanda COP29-la bağlı infosessiya təşkil olunub
Siyasət 18

COP29-la bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tabeliyindəki qurumların əməkdaşları, eyni zamanda ekokönüllülər üçün infosessiya təşkil olunub.

"Report"un yerli bürosu xəbər verir ki, infosessiyada ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, "Suraxanı Oil" Əməliyyat Şirkətinin Ümumi İşlər Departamentinin direktoru Rəşad Qasımov və beynəlxalq səviyyəli ekspert, "Balaxanı Oil" və "Suraxanı Oil" əməliyyat şirkətlərinin COP29 üzrə layihə meneceri Çingiz Məmmədov iştirak ediblər.

X.Mustafayev "Balaxanı Oil" və "Suraxanı Oil" əməliyyat şirkətləri ilə olan əməkdaşlıqdan söz açıb, iqlim dəyişiklikləri ilə mübarizədə strateji planlardan, muxtar respublikada bu istiqamətdə həyata keçirilən layihələrdən və gələcək perspektivlərdən danışıb.

"Balaxanı Oil" və "Suraxanı Oil" əməliyyat şirkətlərinin COP29 üzrə layihə meneceri Çingiz Məmmədov təqdimatla iştirakçılara planetdə minilliklər ərzində iqlim və temperatur dəyişmələri, istixana qazlarının bu prosesdə rolu, BMT İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyası, Konvensiyaya qoşulmuş dövlətlər və mövzu ətrafında digər məsələlər barədə məlumat verib.

İnfosessiya zamanı COP29-un əhəmiyyəti və qlobal iqlim dəyişiklikləri mövzusu ətrafında da geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda iştirakçılara COP29-la bağlı hazırlanan videoçarxlar nümayiş olunub.

Son xəbərlər